"AzTV"nin xanım əməkdaşını şantaj edən operator: "O gecə mənə xəyanət etdi"
Kriminal
15:37 / 30.07.2021
2525
"AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən "CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az "Lent.az"a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında araşdırılıb.Cinayət işi materiallarında qeyd olunub ki, Y. Şəfiyev AzTV-nin xanım əməkdaşı Aynurla (ad şərtidir) qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. Onlar ayrılandan sonra isə kişi qadına məxsus olan «Mitsubishi Eclipse» markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.
Aynurun şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.
Məhkəmədə ifadə verən Y.Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, 2015-ci ilin oktyabr ayında "CBC Sport” telekanalında operator işləyərkən Aynurla tanış olub: "Həmin vaxt Aynur kanalda müxbir vəzifəsində işləyirdi. O, 2018-ci ildən sonra AzTV-yə keçdi. Bizdə işləyən vaxtlar onunla münasibətim yarandı. Sosial şəbəkələr vasitəsilə onunla danışmağa başladıq. Həmin vaxt Aynur evli idi. 2016-cı ildə Fransada futbol üzrə dünya çempionatına getmişdim. 40 gün orada qaldım. Həmin vaxtda Aynurla danışırdıq. Oradan qayıdandan sonra bir gün Aynur məni evinə dəvət etdi. Mən də durub onun evinə getdim.
Daha sonralar bu görüşümüzdən onun ərinin də xəbəri olmuşdu. Aynur da evdən qaçaraq "Melissa park” yaşayış kompleksində kirayədə yaşamağa başladı. Əri onu axtarsa da, yerini tapa bilmirdi. Hətta əri gəlib məndən arvadının evini soruşurdu. Aynurla kirayə qaldığı evdə görüşürdük.
Təqsirləndirilən şəxs həmçinin deyib ki, heç zaman Aynurdan pul tələb etməyib:
"Aynurdan hədə-qorxu ilə 1500 manat pul tələb etməmişəm. Aynur yalnız avtomobil alınması üçün 2300 manat pul verib, avtomobilin təmiri üçün ondan pul almamışam. Həmin vaxt Aynur işləmədiyindən onun pulu olmayıb. Bir müddət sonra Aynurla kirayədə yaşamaqdansa, Daşqın Səfərov küçəsində yerləşən mənə məxsus mənzildə yaşamağı təklif etdim. Qəbul etdi və evin təmir işləri üçün pul verdi, köməklik göstərdi. Ondan sonra ailə kimi olmuşuq, başqa ortaq xərclərimiz olub. Evə kreditlə Aynurun adına elektrik əşyaları almışıq. Birlikdə yaşamışıq, onu heç zaman nəyisə almağa məcbur etməmişəm. Heç vaxt hədə-qorxu gəlməmişəm”.
Yusif Şəfiyev bildirib ki, Aynurdan ona xəyanət etdiyi üçün ayrılıb: "Bir gün evə qayıdan zaman Aynuru küçədə gördüm. Harasa gedirdi. O mənə Müdafiə Nazirliyindən təcili çəkilişə çağırıldığını dedi. Aynura 20 ildən artıq televiziya təcrübəmin olduğunu, hələ bugünədək Müdafiə Nazirliyinin gecə saatlarında çəkilişə adam çağırmadığını dedim. Lakin o məni saymadı, çıxıb getdi. Aynurun hara getdiyini öyrənmək üçün başqa bir taksiyə əyləşib arxasınca təqib etməyə başladım. Onun "Ağ otel”ə getdiyini gördüm. Səhəri evə gələndə çantasında 1000 manat var idi. Başa düşdüm ki, Aynur mənə xəyanət edib. Ondan pulu haradan aldığını soruşdum, o mənə yalandan dedi ki, çəkilişdən alıb. Bundan sonra onunla münasibətlərimiz pozulmağa başladı. Onu heç vaxt şantaj etməmişəm. Bunların hamısının səbəbkarı onun anasıdır. Mən onun anası ilə dalaşan zaman görüntülərin olduğunu və camaata yayacağımı demişəm. Amma bunu da hirsimdən etmişəm, heç kimə göndərməmişəm”.
Həmin ərəfədə ərimdən boşandığım üçün Yusiflə ailə qurmağı planlaşdırırdım. Bir müddət birlikdə yaşadıq. 2018-ci ilin oktyabr ayında anam və oğlum biz qalan evə gəldi. Yusif onlarla birlikdə yaşamaq istəmədiyini dedi. Bundan sonra münasibətlərimiz pisləşdi. Daha sonra onunla ayrılmaq qərarına gəldik.
2018-ci ilin noyabr ayında Yusif məni intim və çılpaq fotoşəkillərimi, videolarımı "Instaqram” və digər sosial şəbəkələrdə yayacağı ilə hədələdi. Hətta dedi ki, görüntüləri "AzTV” rəhbərliyinə göndərəcək. Yusifin hədələrini real qəbul edib, ondan ehtiyat etməyə başladım. Onun məndən əl çəkməsini, mənə rahat yaşamağa imkan verməsini xahiş etdim. Yusif məni həm maddi, həm də mənəvi ziyan vuracağı ilə hədələyirdi. O məndən "Mitsubishi Eclipse” markalı maşınımı ona verməyimi istədi. Verməyəcəyim təqdirdə görüntülərimi yayacağını dedi. Hətta dedi ki, onları keçmiş ərimə atacaq. Həmin görüntüləri keçmiş ərimə atsaydı, o da bundan istifadə edərək övladımı məndən ayıracaqdı. Qorxumdan maşını etibarnamə ilə ona verdim. Bir müddət keçəndən sonra maşının təmiri ilə bağlı məndən 1500 manat pul tələb etdi. Çəkindiyimdən pulu ona verdim. Daha sonra başqa bəhanələr gətirərək müxtəlif adlarla məndən pul istədi, adıma kreditlər götürdü. Artıq bezmişdim. Ondan məni rahat buraxmasını tələb edirdim. Yusif mənim şəkillərimi, videolarımı artıq yaymışdı. İşlədiyim yerdə görüntülərim sürətlə yayılırdı. Bundan sonra polisə müraciət etdim. Ondan şikayətçiyəm, ən ağır cəzanın verilməsini xahiş edirəm”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Şəfiyev 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Əlavə edək ki, Y.Şəfiyev "ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.