Azərbaycanlı məşhurlar Xocalı faciəsini belə andı - FOTOLAR
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 29 il ötür.
Sfera.az xəbər verir ki, azərbaycanlı məşhurlar da bu günü xatırlayıb. Tanınmışlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar ediblər.
Müğənni Röya Ayxan qeyd edib ki, düz 29 il əvvəl, bu tarixdə - 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı: "Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də istidir, yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhçicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür”.
Müğənni vurğulayıb ki, bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. "Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, daim sülh olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın!” -, deyə R.Ayxan sözlərinə davam edib.
Rəqqasə Fatimə Fətəliyeva soyqırımla bağlı video paylaşım edərək bunları yazıb: "Xocalını unutmadıq, unutdurmarıq. 1992-ci ilin 25-26 fevralını unutdurmayaq. Xocalı qətliamını törədənləri dünyaya tanıdaq, caniləri tanıyın”.
Aktyor Cabir İmanov isə fikirlərini bu cür ifadə edib: "Dünya Xocalıya ədalətə ehtiyacımızın olduğunu başa düşməlidir, çünki bütün insanlar üçün, insanlıq üçün ədalətə ehtiyacımız var. Bu cinayətin millətlə deyil, ümumiyyətlə, mülki insanların dinc yaşaması ilə əlaqəli olduğunu anlamaq vacibdir”
Xalq artisti, xanəndə Alim Qasımov sosial şəbəkə hesabında Xocalı ilə bağlı paylaşım edərək "Unutmadıq, unutmarıq, unutdurmayacağıq” fikrini qeyd edib.
Həmçinin Murad Dadaşov, Faiq Ağayev, Zamiq Hüseyn, Abbas Bağırov, Günel Zeynalzadə, Flora Kərimova, Aygün Kazımova, Gülüstan Əliyeva, Elza Seyidcahan və.s kimi məşhurlar da bu cür paylaşımlara qoşularaq Xocalı faciəsini yada salıblar.
Qeyd edək ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.
Günay
Sfera.az