Azərbaycanlı aktyor: Açıq-saçıq rol təkliflərini qəti şəkildə rədd edirəm

Azərbaycanlı aktyor: Açıq-saçıq rol təkliflərini qəti şəkildə rədd edirəm

Deməzdim, tez-tez, amma ara-sıra açıq-saçıq səhnələrdə çəkilmək üçün təkliflər alıram. Biri teatr tamaşası, digəri isə bədii filmdən idi. Hər iki təklifə rədd cavabı verdim.

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında mərhum şair və publisist Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli deyib. Sənətçi heç zaman açıq-saçıq və ehtiraslı səhnələrdə çəkilməyəcəyini söylədi: 

"Özüm aktyorluq fakültəsini bitirmişəm. Anlayıram ki, aktyor universal olmalıdır, bütün rolları canlandırmağı bacarmalıdır. Bizim tamaşaçı hələ də o tərzdə, o nöqtədə deyil ki, aktyorlarımızı universal görsünlər. Görmürlər! Səni hansı sahədə görürlərsə, sona kimi də elə görmək istəyirlər. Mən özüm üçün yox, tamaşaçı üçün çalışıram. Onları təəsüfləndirmək, incitmək istəmirəm. Mənə gələn açıq-saçıq rol təkliflərini qəti şəkildə rədd edirəm, razılaşmıram. Bizi 7-dən 77-yə hamı izləyir. Mənə "oğlum”, "dayı”, "əmi” deyənlər var. Məni bax, bu auditoriya izləyir. Mən onları üzə bilmərəm.

Tamaşaçı aktyoru sırf aktyor kimi dəyərləndirə bilmir. Azərbaycan tamaşaçısı açıq-saçıq səhnələri qəbul və dərk edənə kimi mən belə səhnələrə çəkilməyəcəyəm. Amma bu səhnələrə çəkilənləri alqışlayıram. Film və ya serialda çəkildiyi epizod bütün filmin kölgəsində qalırsa, qabarmırsa, iki əlli alqışlayıram. Mənim ömrüm çatmayacaq ki, tamaşaçı aktyorun ehtiraslı və seksual səhnələrə çəkilməsini qəbul etsin. Azərbaycanda o tərzdə ssenari yoxdur ki, açıq-saçıq epizod sadəcə olaraq filmin və ya serialın bir bağlantısına çevrilsin. O dərəcə də kəskin seçilir ki, hamı kilidlənir o epizoda, film isə qalar kənarda. Hələ bizdə o dərəcədə yazılan ssenari yoxdur ki, o epizod ssenarinin bir parçası olsun”.

Rəşad incəsənət aləmində baş verən özbaşınalıqlara göz yuma bilmədiyini və özünü öyən, qeyri-peşəkar, dırnaqarası aktyorları ifşa etdi:

"Layiq olduğum yerdə olmamağım içimi dağıdır. Tək mənim deyil, bir çoxlarının. Sənətdə əsl sənəti ortaya qoya biləcək insanların layiq yerdə olmamaqları məni çox incidir. Bu gün hamıya aktyor deyilir. Amma mən istəyərdim ki, o bəzi göylə gedənlər var, bax onlar gəlib, çıxsınlar ortalığa. Onlara psixoloji-dram əsərindən mono, yəni tək rol verilsin, çıxıb oynasın. Onunla bərabər, mən də çıxım, oynayım. Mənim barmaqla saya biləcəyim peşakar aktyorlar bu rolun öhdəsindən asanlıqla gələcəklər, əla da oynayacaqlar. Amma sinəsinə döyüb mənəm-mənəmlik edən dırnaqarası aktyorlar var, onların istedadsızlıqları ortalığa çıxacaq”.

Eyni zamanda, bir neçə serialda rol alan R.Kəsəmənli həm işindən həm də aldığı qonorardan razı qaldığını dilə gətirdi. Hələ üstəlik, çəkildiyi serialları xeyli təriflədi:

"Hazırda bir neçə seriala çəkilirəm. ATV-də yayımlanan "Bir qadın” və "Youtube”da ayda bir dəfə bölümü yayımlanan "Sayrışan işıqlar” adlı internet serialı. Tamaşaçılarımıza tövsiyə edirəm ki, "Sayrışan işıqlar”a baxsınlar. Çox maraqlı ekran işidir. Hər bölümündə bir cinayətin üstü açılır.

"Bir qadın” serialındakı ssenari hər həftə bizə təqdim olunur. Gələcəkdə bu serialda baş verən hadisələrin hansı istiqamətdə dəyişəcəyini biz özümüz də bilmirik. Seriala yeni gəlmişəm, vəkil obrazında. İnanın ki, ssenarist heç özü də bilmir serialın gedişatında nələr olacaq. Ssenarist tamaşaçının reaksiyasına görə yazır. Serialı lentə alan "Oskar” şirkətinin simasıyam. Oradan qonorar deyil, maaş alıram.

Tezliklə ATV-də "Aldanmış hisslər” serialı başlayır. Azərbaycanın məşhur sənətkarları ekran işində rol alıb. Onlar sırasında mən də varam. Ümid edirəm ki, tamaşaçılar üçün bu serial da maraqlı olacaq. Bu seriala hansı qonorara çəkiləcəyimlə bağlı sizə heç nə deyə bilmərəm. Çünki hələlik bu barədə rejissorla belə sözləşməmiz olmayıb. Biləndə ki, bu seriala sənətdə saçlarını ağartmış məşhur aktyorlar "hə” cavabını veriblər, sevə-sevə çəkilməyə razılıq verdim. Amma təbii ki, bundan sonra mütləq şəkildə alacağım məbləğ, qonorar danışılacaq. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR