Azərbaycanın pandemiya ilə mübarizə mənzərəsi – Nümunəvi addımlar...

Azərbaycanın pandemiya ilə mübarizə mənzərəsi – Nümunəvi addımlar...
7 Aprel Ümumdünya Sağlamlıq Gününün son illərdə Azərbaycan üçün əhəmiyyəti daha da artıb. Çünki Azərbaycanın COVID-19 pandemiyası ilə uğurlu mübarizə nümunəsi ötən iki il ərzində bir sıra dünya ölkələrinə də nümunə olub.

Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, pandemiyanın mühüm mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dünya ölkələri ilə həyata keçirdiyi təşəbbüslər təqdirəlayiqdir.

Sfera.az Azərbaycanın pandemiya dövründə koronavirusla mübarizədə atdığı bəzi mühüm addımları diqqətinizə çatdırır:

Qlobal səyləri birləşdirən "Zirvə Toplantısı"

Pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olaraq Azərbaycanda ötən ilin aprel ayında Türk Şurasının Zirvə toplantısı baş tutdu. Dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü türkdilli ölkələrin ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyət üçün zəmin rolu oynadı.

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının koronavirus əleyhinə atdığı addımlar: 

Pandemiyanın ağır nəticələrinin qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü də təşkil etdi. Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəldilər. Azərbaycanın sədrlik etdiyi hərəkat sayəsində pandemiyanın səbəb ola biləcəyi böyük böhranların qarşısı alındı, mütləq mənada dayanıqlı inkişafa nail olduq. 

BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən "Xüsusi Sessiyası"

Növbəti mühüm addımlardan biri kimi 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın da adını çəkmək olar. Belə ki, 120 ölkəni öz ətrafında birləşdirməyə nail olan ölkə başçısı İlham Əliyev BMT kimi nüfuzlu təşkilatın tam dəstəyini ala bildi. Prezident dövlət və hökumət başçıları arasında pandemiya dövründə qarşılıqlı humanitar və maliyyə yardımların göstərilməsinə diqqət çəkdi. Xüsusi sessiyada iştirak edən digər ölkə başçıları da sözügedən virusa və onun ağır nəticələrinə qarşı birgə mübarizənin zərurliyini vurğuladılar.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsini irəli sürdü və qətnamə konsensus əsasında qəbul edildi. Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu.

Ümumilikdə qeyd edək ki, dövlət qlobal böhranın ümumxalq rifahına ciddi təsir etməməsi üçün zəruri işlər gördü. Belə ki, sərt karantin dönəmində işini itirən şəxslərə, sahibkarlara maliyyə dəstəyi göstərildi. Bu istiqamətdə təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrıldı.

Ötən aylar ərzində isə dünyanın vaksin qıtlığı ilə üzləşdiyi bir vaxtda Azərbaycan aparıcı vaksin istehsalçıları olan "Sputnik V”, "AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”, "Pfizer BioNTech” kimi firmalarla danışıqlar apardı. Beləliklə, ölkə əhalisinin peyvəndlənməsi prosesinin sürətlə davam etməsi təmin edildi. 

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR