\"Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq\"

\

"Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram”.

Sfera.az xəbər verir ki, bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Mütəmadi olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan rəhbəri müsahibə zamanı özünü obyektiv tərəf kimi göstərməyə çalışıb: "Biz görüşdən heç vaxt imtina etməmişik. Bu, prezident, xarici işlər naziri, hətta işçi qrupu səviyyəsində olsa belə. Amma biz həmişə görüşlərin hansısa irəliləyiş, fayda verməsinin tərəfdarıyıq”.

Sarkisyanın sözlərinə görə, rəsmi İrəvan atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması haqqında sazişi imzalamağa hazırdır.

Sarkisyan, həmçinin Ermənistanda Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanından danışıb: "Düşünürəm ki, yeni hərbi bazaya ehtiyac yoxdur. Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır", - deyə S.Sarkisyan bildirib.

Sarkisyan müsahibəsində bildirib ki, Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 



OXŞAR XƏBƏRLƏR