Azərbaycandakı qiymət artımının səbəbi budur – İdxal inflyasiyası
11:58 / 20.01.2021
2922
2020-ci ildə ölkəmizdə qiymətlərin artmasına təsir edən əsas səbəb idxal inflyasiyası olub. Ötən il dünyada son illərin ən yüksək qiymət artımı müşahidə edilib. Xarici bazarlarda baş verən kəskin bahalaşma idxalla ölkəmizə də gəlib.
Sfera.az rəsmi statistik məlumatlara əsasən bildirir ki, 2020-ci ilin noyabrında idxal olunan məhsulların qiyməti əvvəlki ayla müqayisədə 2,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,8 faiz, 2020-ci ilin yanvar-noyabr aylarında 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən isə 22,6 faiz artıb.
Ölkəmizə idxal edilən malların müəyyən hissəsi birbaşa istehlaka yönəlsə də bir hissəsi sənayedə təkrar istehsala yönəldilir. Məlumatlar göstərir ki, idxal mallarının kəskin bahalaşması sənaye məhsullarının istehsal xərclərinin də xeyli yüksəlməsinə səbəb olub. Belə ki, 2020-ci ilin dekabrında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 13,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 16,7 faiz, emal sənayesi üzrə 1,2 faiz artıb.
Maraqlıdır ki, dünyada qiymətlər artdığı halda Azərbaycanın ixrac etdiyi malların qiyməti əsasən enib. 2020-ci ilin noyabrında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,1 faiz artsa da, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 18,2, 2020-ci ilin yanvar-noyabr aylarında 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən isə 22 faiz azalıb.
Vasif
Sfera.az