Azərbaycanda xidmət sektoru yenidən kiçilir
16:15 / 13.09.2021
1333
2021-ci ildə əlavə dəyər (ümumi daxili məhsul) istehsalında xidmət sektorunun payı yenidən kiçilir. İlin ilk 8 ayının məlumatına əsasən, Azərbaycanda ÜDM istehsalının 38,9 faizi xidmət sektorunun, 51,9 faizi istehsal sektorunun, 9,2 faizi məhsula və idxala xalis vergilərin payına düşüb.
Ötən il ÜDM istehsalının 42 faizi xidmət sahələrində formalaşmışdı.
Sfera.az bildirir ki, 2021-ci ilin yanvar-avqust dövründə xidmət sektorunda yaradılan əlavə dəyərin payının azalması sənaye istehsalının artması və pandemiya ilə əlaqədar nəqliyyat və turizm sahəsi üzrə dövriyyənin kiçilməsi ilə bağlıdır.
Neft və qaz qiymətlərinin yüksəlməsi ÜDM istehsalında sənayenin payını xeyli artırıb. 2020-ci ildə ÜDM-nin 33,7 faizi sənayenin payına düşdüyü halda, cari dövrdə əlavə dəyərin 40,4 faizi sənayenin hesabına yaranıb. Sənayenin payının artması ÜDM-də istehsal sahələrinin ümumi payının yüksəlməsinə səbəb olub.
Son 15 ildə xidmət sektorunun payında ən yüksək göstərici məhz 2020-ci ildə qeydə alınıb. Ondan əvvəlki illərdə xidmət sektorunun payı 40 faizi ötməmişdi.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı üçün xidmət sektorunun inkişafı olduqca əhəmiyyətlidir. Son onilliklərin iqtisadi təcrübəsi göstərir ki, müasir iqtisadiyyatda inkişaf xidmət sektorunun inkişafından daha çox asılıdır. İnsanların xidmətlərdən daha çox istifadə etməsi onun iqtisadiyyatda payını artırır.
Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir.
Dünya Bankının hələ bir neçə il əvvəl 132 ölkənin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75%-i çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Buna görə də Azərbaycan hökuməti də xidmət sektorunun iqtisadi dəyərinin artırılmasına xüsusi önəm verməlidir.
Vasif
Sfera.az