Azərbaycanda uşaqları döyən pedaqoqları və müəllimləri gözləyən cəzalar - QANUN nə deyir?

Azərbaycanda uşaqları döyən pedaqoqları və müəllimləri gözləyən cəzalar - QANUN nə deyir?
Son günlər ölkədə azyaşlılara müəllimlər, pedaqoqlar tərəfindən fiziki şiddət göstərilmə halları müzakirə obyektinə çevrilib. Ötən gün direktorun şagirdi şillələməsindən sonra, bu gün də İsmayıllıda uşaq bağçasında azyaşlının döyülmə faktı cəmiyyətdə narazılıqlara səbəb olub.
 
Maraqlıdır, uşaqlara şiddət tətbiq edən pedaqoqları hansı cəzalar gözləyir? Qanunla bu məsələ necə tənzimlənir?

Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə qeyd edib ki, Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin”  5.2-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir.

Müsahibimizin sözlərinə görə, həmin nizamnaməyə əsasən, təhsilalanların şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququ var:

"Həmçinin  məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda həmin məcəllənin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir”.

T.Abdullazadə bildirib ki, qanunvericiliyin müddəalarına əsasən,  təhsilverənin uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifəsi var:

"Buna görə də uşağa qarşı fiziki şiddət göstərmiş həmin şəxs məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi tərəfindən əmək və xidməti  vəzifələrini kobud şəkildə pozduğu üçün işdən kənarlaşdırıla bilər. Təhsil qanunvericiliyinin tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR