Azərbaycanda “su imtahanı” – İtkiyə gedən su istifadə edilən suyun 60 faizi qədərindədir
Azərbaycanda son günlərin əsas mövzularından biri də quraqlıq və kənd təsərrüfatında suya olan ehtiyacın ödənilməsində yaranan problemlərdir. Artıq ikinci ildir ki, ölkəmizdə ciddi quraqlıq müşahidə edilir. Quraqlıq qışda qarın, payız və yazda yağışların az yağması, havada rütubətin miqdarının aşağı düşməsi səbəbindən baş verir. Quraqlıq səbəbindən çaylarda suyun səviyyəsi aşağı düşür, yeraltı sular çəkilir və suvarma üçün ciddi problemlər yaranır.
Quraqlıq, su çatışmazlığı problemi aktuallaşanda məlum olub ki, Azərbaycan özünü su ilə təmin edə bilər. Lakin su itkisinin çox olması su ilə təminatda problemlər yaradır.
Sfera.az xatırladır ki, su itkisinin böyük olması faktını son günlər Prezident İlham Əliyev keçirdiyi görüşlərdə də vurğulayıb. Dövlət başçısı Dünya Bankının vitse-prezidenti ilə videokonfrans zamanı deyib ki, Azərbaycanın bəzi ərazilərində su itkisi 40, hətta 50 faiz su olur.
Bu qədər su itkisi olduqca yüksək göstərici hesab edilir. Aparılan araşdırmalara əsasən, ölkənin, o cümlədən kənd təsərrüfatının suya olan ehtiyacının ödənilməsi səviyyəsi su itkiləri ilə birbaşa bağlıdır. Ölkəmizdə su itkisi təbiətdən götürülən suyun həcmi ilə müqayisədə olduqca yüksəkdir. Hətta MDB ölkələri ilə müqayisədə ölkəmizdə su itkisinin nisbəti xeyli yüksəkdir. Azərbaycanda nəql zamanı itkiyə gedən suyun miqdarı təbiətdən götürülən ümumi suyun 28-30 faizinə bərabərdir. 1990-cı ildə bu göstərici 25 faiz idi. Hazırda su istehlakı1990-cı illə müqayisədə azdır. Buna uyğun olaraq itkilər də azalıb. Ancaq istifadə edilən suda itkilərin payı yüksəlib. 1990-cı illə müqayisədə su itkisinin artması onu göstərir ki, nəql və suyun saxlanılması sistemində nöqsanlar var. Su kanallarında sovet dövründən təmir-bərpa işləri aparılmır. Ona görə sızmalar böyükdür.
Su itkisini azaltmaqla kənd təsərrufatının suya olan ehtiyacını xeyli dərəcədə yaxşılaşdırmaq olar. Müstəqillik dövründə milyardlarla manat həcmində vəsait ayrılaraq Şəmkirçay, Tovuzçay su anbarları, Taxtakörpü qəsəbəsi, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilib. Burada məqsəd su ehtiyatlarını artırmaqdır.
Amma təcrübə göstərir ki, sadəcə bu yolla ehtiyatı artırmaq, su ilə təminatı yaxşılaşdırmaq olmur. Su ilə təminatı yaxşılaşdırmaq üçün nəql zamanı su itkilərinin azaldılması tədbirlərinin görülməsi daha vacibdir. Məsələn, 80-ci illərin sonlarında kənd təsərrüfatında 8-9 milyard kub metr sudan istifadə edilirdi. Həmin dövrdə ümumi su itkisinin həcmi 4-4,5 milyard kub metr idi. İtkiyə gedən su kənd təsərrüfatı üçün lazım olan suyun təxminən yarısı qədərinə bərabər olub. Hazırda kənd təsərrüfatında istifadə edilən suyun həcmi 6-7 milyard kub metrdir. İtkiyə gedən su isə 3,5-4 milyard kub metrdir. İtkiyə gedən su kənd təsərrüfatında istifadə edilən suyun 60 faizi qədərindədir. Beş il əvvəl vəziyyət daha pis idi. Nisbət 70-75 faizə yüksəlmişdi. Deməli, nəql zamanı su itkisi 50 faiz azaldılarsa, kənd təsərrüfatının su ilə təminatı daha da yaxşılaşar.
Su itkisi sadəcə su ehtiyatlarına mənfi təsir etmir. Su itkisi əkin sahələrində bataqlıq yaradır, bir çoxlarında şoranlaşmaya səbəb olur və nəticədə əkinə yararlı sahələr kiçilir, məhsuldarlıq aşağı düşür.
Bu baxımdan sudan qənaətlə istifadə, düzgün suvarma sistemlərinin qurulması önəmlidir. Azərbaycanda 80-ci illərin sonu ilə müqayisədə su istehlakı azalıb. Bunun özü müsbət dəyişiklikdir. Su istehlakında azalma 25-30 faiz səviyyəsindədir. Su istehlakı həm məişətdə, həm istehsalat prosesində, həm də kənd təsərrüfatında azalıb. Azalmanın iki başlıca səbəbi var.
Birincisi itkinin həcmi azalıb, ikincisi isə qiymətlərin yüksəlməsi ilə əlaqədar qənaətlə istifadə baş verib. Əvvəllər sudan istifadə ucuz idi, kim nə qədər istəyirdi su istifadə edirdi. Amma qiymətlər yüksəldikcə, hər şəxs sudan qənaətlə istifadə etməyə başladı. Əgər sudan qənaətlə istifadə artarsa, su istehlakı və itkisi azalar. Azərbaycanda kənd təsərrüfatında 6-7 milyard kub metr sudan istifadə yüksək göstəricidir.
Bizim qədər kənd təsərrüfatı məhsulu istehsal edən inkişaf etmiş ölkələrdə aqrar sahədə su istehlakı 2-3 milyard kub metri ötmür. Bu fakt həm də onu göstərir ki, kənd təsərrüfatında sudan istifadə ilə bağlı daha təkmil, əlverişli texnologiyaların tətbiqi vacibdir.
Vasif
Sfera.az