Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı
14:53 / 06.04.2021
3191
2021-ci ilin yanvar və fevral ayları ərzində Vergi Məcəlləsinə
edilən dəyişikliklərin tətbiqi məqsədilə Baş nazir 2 qərar qəbul edib. Həmin qərarlara
əsasən 2021-ci ilin mayın 5-dən etibarən ölkəmizə idxal edilən tütün məmulatları
üzrə aksiz vergiləri artırılacaq, qızıl-zinət əşyalarının istehsalında istifadə
edilən xammal və avadanlıqlar üzrə vergilər azaldılacaq.
Bəs, Nazirlər Kabinetinin sözügedən qərarları
bazarda qiymətlərə necə təsir edəcək?
Sfera.az saytına danışan iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, tütün məmulatlarının idxalına tətbiq edilən
vergilərin artırılması siqaretdə növbəti bahalaşmaya səbəb olacaq. Əvvəlki təcrübəyə
əsaslanan ekspert güman edir ki, bu dəfə də qiymətlər Nazirlər Kabinetinin qərarı
qüvvəyə minmədən öncə yüksələcək: "Yeni dəyişikliyə əsasən vergilərin artırılması ilə əlaqədar tütün məmulatlarının
bahalaşmasını may ayından müşahidə etməliyik. Amma qərar məlum olduğundan
bazarda siqaretlərin daha tez bahalaşmasının şahidi olacağıq. Son illər
siqaretin vergi dərəcələrinin yüksəldilməsindən sonra davamlı bahalaşma müşahidə
edilir. Qiymət artımları kifayət qədər böyükdür və sadəcə sosial məsələ
olmadığına görə insanların etirazına səbəb olmur”.
N.Cəfərlinin qənaətincə, siqaretin davamlı bahalaşması
bəzi təhlükəli nəticələr doğura bilər: "Dünyanın əksər ölkələrində vergi dərəcələrinin
yüksəldilməsi ilə tütün məmulatlarının bahalaşdırılması siyasəti yürüdülür.
Amma Azərbaycanda siqaretlər bahalaşdıqdan sonra 2 məsələ ortaya çıxacaq.
Birincisi, ölkəmizə qaçaqmalçılıq yolu ilə daha çox siqaretin
gətirilməsi müşahidə ediləcək. Qiymət artırılan zaman qonşu ölkələrdəki qiymətlərə
diqqət yetirmək lazımdır. Türkiyədə olan qiymətlərlə müqayisədə Azərbaycanda
siqaret ucuzdur. Amma Gürcüstan, İran və Rusiyadan baha olarsa, qaçaqmalçılığın
genişlənməsinə səbəb olacaq.
İkinci təhlükə sağlamlığın pozulması ilə bağlıdır. Hökumət
rəsmiləri bahalaşmanı sağlam həyatın təşviqi kimi təqdim edir. Amma siqareti tərgidə
bilməyən insanlar bahalaşma olduqca daha ucuz və keyfiyyətsiz tütün məmulatlarına
yönəlirlər. Bu da sağlamlığa daha böyük ziyan vurur. Hökumət bu məsələdə qızıl ortanı tapmalıdır”.
Qızıl və digər qiymətli əşyaların idxalına güzəştlərin
verilməsini saytımıza şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri,
iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, bu sahədə fiskal rejimin
yüngülləşdirilməsində məqsəd qızıl-zinət əşyalarının istehsalının
stimullaşdırılmasıdır. Bu təklifin Azərbaycan Zərgərlər Assosiasiyası tərəfindən
verildiyini söyləyən ekspert qeyd etdi ki, hazırda idxal edilən məhsula görə
40-45 faiz vergi və rüsum ödənilir. Onun fikrincə, istehsalçıların müraciətlərinin
bir hissəsi nəzərə alınıb və bu, yerli qızıl-zinət əşyalarının istehsal
mühitinin yaxşılaşdırılmasına xidmət edərək istehsalı artıracaq.
R.Atakişiyev yerli istehsalın artmasının qızıl-zinət əşyalarının
ucuzlaşmasına səbəb olacağını istisna etmədi: "Yerli istehsalın genişlənməsi qızıl-zinət
əşyalarını ucuzlaşdıra bilər. Amma qiymətlər daha çox rəqabətdən asılı olacaq.
İstehsalçıların sayı artarsa, bazara daha çox məhsul çıxarılarsa, ucuzlaşma
olacaq. Əgər istehsalçıların sayında ciddi artım olmasa, məhsulun miqdarı çox
olmasa, ucuzlaşma baş verməyəcək.
Vasif