Azərbaycanda sadələşdirilmiş vergi LƏĞV EDİLƏCƏK

Azərbaycanda sadələşdirilmiş vergi LƏĞV EDİLƏCƏK
Azərbaycanda sadələşdirilmiş vergi növünün tətbiqi tədricən ləğv ediləcək.
 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev Sfera.az saytına açıqlamasında bildirdi ki, son illərdə sadələşdirilmiş verginin tətbiq dairəsinin kiçildilməsi prosesi gedir və bu, bir çox cəhətinə görə əhəmiyyətlidir. 

Ekspert xatırlatdı ki, Azərbaycanda sadələşdirilmiş verginin tətbiqinə 2001-ci ildən başlanılıb. Bu vergi növünün tətbiqində məqsəd kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexanizmini asanlaşdırmaq idi. Sadələşdirilmiş vergi malların təqdim edilməsi və işlərin görülməsinin ümumi hasilatının həcminə və satışdankənar gəlirlərə tətbiq olunur.

R.Atakişiyev hesab edir ki, o zaman sadələşdirilmiş verginin tətbiqi səmərəli idi, amma hazırda  bu vergi növünə ehtiyac azalıb: 

"Sadələşdirilmiş vergini tətbiq edən zaman hökumət istəyirdi ki, sahibkarlar mühasibatlıq işinə çox vaxt sərf etməsinlər, sadəcə vergilərini hesablayıb təqdim etsinlər. Artıq sahibkarların çox hissəsi vergi ödəmək, mühasibat aparmaq təcrübəsinə yiyələnib. 

Buna görə də əvvəlki sadələşdirilmiş vergi ödəyicilərinin bir hissəsi tədricən mənfəət vergisi ödəyicisinə çevrilir. Bu, imkan verir ki, həmin sahibkarlar öz mühasibatlığını aparsın və xərclərini müəyyənləşdirsin”.

R.Atakişiyev dedi ki, sadələşdirilmiş vergidən mənfəət vergisinə keçid nağdsız ödənişləri də stimullaşdıracaq: 

"Sahibkar xərclərini müəyyənləşdirəndə, onu bəyan edəndə şəffaflıq artır. Sadələşdirilmiş vergidə şəffaflıq aşağı səviyyədə idi. Çünki sadələşdirilmişdə qeyri-rəsmi mal əldə etmək dövriyyəsi daha böyük olur. Hazırda sadələşdirilmiş vergi ödəyicisi qeyri-rəsmi şəkildə mədaxil həyata keçirə bilir. Amma mənfəət vergisində sahibkar məcburdur ki, aldığı malları sənədləşdirsin, xərc kimi göstərsin. Eyni zamanda bütün ödənişləri rəsmi qaydada mədaxil etməlidir. 

Strategiya ondan ibarətdir ki, gələcəkdə maksimum dərəcədə sadələşdirilmiş verginin əhatə dairəsi daraldılsın, sadələşdirilmiş vergi ödəyiciləri mənfəət vergisi ödəyicisinə çevrilsin, onların da gəlir və xərcləri haqqında dəqiq məlumat olsun. Buna görə də deyə bilərəm ki, gələcəkdə sadələşdirilmiş vergi ödəyicisi olmayacaq”.

Vasif
Sfera.az
 




OXŞAR XƏBƏRLƏR