Azərbaycanda pərakəndə ticarət dövriyyəsi azalıb – HANSI MƏNFİ TƏSİRLƏRİ OLACAQ?

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi azalıb – HANSI MƏNFİ TƏSİRLƏRİ OLACAQ?

2020-ci ilin aprel ayında mart ayına nisbətən Azərbaycanda həyata keçirilən pərakəndə ticarət əməliyyatlarının həcmi kəskin şəkildə kiçilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, pərakəndə ticarət obyektlərində əhaliyə 11 milyard 516,1 milyon manatlıq, o cümlədən 6 milyard 169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Rəsmi statistikada qeyd edilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.


Ümumilikdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilinyanvar-aprel aylarındaticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb. Bu ilin ilk 4 ayında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.


Sfera.az xatırladır ki, pərakəndə ticarət dövriyyəsi dedikdə əhalinin istifadəsi üçün alınan malların dəyəri nəzərdə tutulur. Dövriyyənin həcmi əhalinin xərclərinin müəyyənləşdirilməsində önəmli göstəricidir.

 

Bəs, pərakəndə ticarətin dövriyyəsinin kiçilməsi nə anlamı verir və bunun iqtisadiyyata zərəri varmı?

 

Pərakəndə ticarətin həcminin kiçilməsi iqtisadiyyata hərtərəfli zərər vuran azsaylı iqtisadi göstəricilərdən biridir. Pərakəndə ticarət kiçildikdə ticarət müəssisələrinin gəliri aşağı düşür, banklarda dövr edən vəsait azalır, dövlət büdcəsinin gəlirləri azalır, ölkəmizdə emal sənayesinin dövriyyəsi kiçilir, həmin müəssisələrin mənfəəti azalır. Bu baxımdan pərakəndə ticarətin azalması arzulanan hal deyil və onun davamlı olması olduqca pisdir. Pərakəndə ticarətin kiçilməsinin yalnız bir faydası var, o da idxalın miqdarının azalmasıdır.


Azərbaycanda əhali pərakəndə ticarət şəbəkəsindən istehlak mallarının əldə olunmasına öz gəlirlərinin təqribən 75-80 faizini xərcləyir. Xərclənən pul ticarət obyektlərinin, şirkətlərin mədaxili şəklində banklarda cəmləşir. Bununla da ticarət hesabına dövlətin maliyyə sabitliyinin əsasları formalaşdırılır.

 

Dövlət büdcəsinin mədaxil hissəsinin yerinə yetirilməsi əsasən ticarət sahəsinin fəaliyyət göstərməsindən asılıdır. Büdcə gəlirlərinin xeyli hissəsi dolayısı vergilər (əlavə gəlir vergisi, aksizlər) hesabına formalaşır. Bu vergilərin önəmli hissəsi ticarətdən toplanmaqla dövlət büdcəsinə daxil olur. 2020-ci ildə ƏDV üzrə daxili əməliyyatlardan 2,03 milyard manat, aksizlər üzrə 750 milyon manat gəlir proqnozlaşdırılır. Bu gəlirin çox hissəsi ticarətdən əldə edilməlidir. Bundan başqa 2,65 milyard manat mənfəət vergisi də toplanmalıdır. Burada da əldə ediləcək gəlirin bir hissəsi ticarət və onunla əlaqəli sektorların payına düşür.

 

 

Ticarət həm də kredit sistemi ilə sıx qarşılıqlı əlaqədədir. Çünki bankların verdiyi kreditlərin daha çox hissəsi məhz əhalinin ticarət xərclərinə görə istifadə edilir.

 

2020-ci ilin aprelin 1-nə Mərkəzi Bankın məlumatına əsasən, bankların kredit qoyuluşunun həcmi 15,637 milyard manatdır. Bu qədər kreditin 44,5 faizi (6,96 milyard manat) ev təsərrüfatlarına, 16 faizi (2,5 milyard manat) ticarət və xidmət sektoruna verilib. Ümumən kreditlərin 60,5 faizi, yəni 9,4 milyard manatdan çox hissəsi birbaşa əhaliyə və ticarət sektoruna ayrılıb. Əhalinin və ticarət müəssisələrinin aldığı kreditin böyük hissəsi məhz pərakəndə ticarətdə istifadə olunur. Deməli, pərakəndə ticarət kiçiləndə bankların kredit vermək üçün müştəri tapmaq problemi yaranır.

 

Pərakəndə ticarətin zəifləməsi nəqliyyat sektoruna da zərər vurur. Nəqliyyat vasitələri ilə daşınan yüklərin üçdə bir hissəsindən çoxu ticarətin payına düşür. Bundan başqa, ticarət müəssisələri fəaliyyət prosesində tikinti sahəsi ilə, kommunal təsərrüfatı və xalq təsərrüfatının digər sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

Pərakəndə ticarətin kiçilməsinin bir faydası idxalın azalmasına kömək etməsidir. Mart və aprel aylarında karantin rejiminin tətbiqi pərakəndə ticarəti kiçiltdiyindən idxalda azalma qeydə alınıb. Fevralda idxal 1,066 milyard dollar olduqdan sonra martda 850 milyon dollara, apreldə 744 milyon dollara enib. İdxalın azalması ölkəmizdə dollara olan tələbi azaldıb.

 

Beləliklə, pərakəndə ticarətin kiçilməsi daha çox ölkə iqtisadiyyatı üçün zərərlidir. Bunu nəzərə alan Azərbaycan hökuməti ölkəmizdə koronavirus infeksiyasının yayılmasının davam etməsinə baxmayaraq ticarət müəssisələrinin fəaliyyətinə və əhalinin sərbəst hərəkətinə tətbiq etdiyi məhdudiyyətləri xeyli azaldıb. Əgər bu məhdudiyyətlər davam etsəydi, Azərbaycan iqtisadiyyatında böhran əlamətləri bir qədər də dərinləşəcəkdi.

 

 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Mütəxəssislərin fikrincə, qızlara autizm diaqnozunu qoyulması oğlanlara nisbətən daha uzun çəkir, çünki qızlarda simptomlarda fərqliliklər olur.  &...

İlham Əliyev: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir.   Sfera.az-ın məlumatına görə, bu b...