Azərbaycanda paradoksal vəziyyət: “Bazarlarda qiymətlər enməlidir, amma...”

Azərbaycanda paradoksal vəziyyət: “Bazarlarda qiymətlər enməlidir, amma...”
Hər il Azərbaycan kənd təsərrüfatı istehsalında davamlı artıma nail olsa da yeyinti məhsullarının idxalı azalmır, əksinə ildən-ilə artır. Aqrar məhsulların istehsalında artım 2020-ci ildə 2 faiz, 2019-cu ildə 7,2 faiz, 2018-ci ildə 4,6 faiz, 2017-ci ildə 4,2 faiz, 2016-cı ildə 2,6 faiz, 2015-ci ildə 6,6 faiz olduğu halda ötən müddətdə yeyinti məhsullarının idxalı təxminən 50 faiz artıb.

 

 

Rəsmi statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci ildə 7,8 faiz azalıb. Amma idxal 2016-cı ildə 35 faiz, 2017-ci ildə 6,1 faiz artıb, 2018-ci ildə 2,3 faiz azaldıqdan sonra yenidən 2019-cu ildə 19,7 faiz artıb, 2020-ci ildə sabit qalıb. 2021-ci ilin yanvar-fevral dövründə də yeyinti məhsullarının idxalında artım müşahidə edilir.

 

 

Bəs, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yeyinti məhsullarının idxalındakı paralel artımın səbəbi nədir?


 

Məsələ ilə bağlı Sfera.az saytına danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda statistik məlumatlar dəqiq vəziyyəti əks etdirmir, buna görə də ziddiyyətli mənzərə yaranır. V.Məhərrəmov söylədi ki, ölkəmizdə statistika dəqiq məlumatlar əsasında toplanmır:

 

 

"Statistika Komitəsi bir neçə rayonun nümunəsində ümumi məlumatı formalaşdırır. Məsələn, 5 fərqi bölgədən olan rayonlarda məlumat toplanır və ona əsasən kənd təsərrüfatı məhsulun həcmində artımın, yaxud azalmanın olduğunu müəyyən edirlər. Bu, nisbi hesablamadır və dəqiq vəziyyəti əks etdirmir”.

 

 

V.Məhərrəmov 2020-ci ildə iqtisadi böhranın olmasına, əhalinin gəlirlərinin azalmasına baxmayaraq yeyinti məhsullarının idxalında ciddi azalmanın baş verməməsini məntiqsiz hesab edir:

 

 

"2019-cu ildə ölkəmizə gələn turistlərin sayı çox olduğu halda, ötən il turist sayında bir neçə dəfə azalma baş verdi. Faktiki olaraq xeyli sayda iş yeri bağlanıb, qeyri-rəsmi çalışanlara əməkhaqqı ödənişləri dayandırılıb. İaşə müəssisələri uzun müddət işləməyib, hazırda da şadlıq sarayları işləmir. Əhalinin sayında da artım zəifləyib. Nəticədə Azərbaycanda əhalisinin alıcılıq qabiliyyəti zəifləyib. Belə bir halda görürük ki, kənd təsərrüfatı məhsullarının istehsalda artım göstərilib, amma ixracda azalma var, idxalda isə kəskin artım var. Bu paradoksal haldır və buradakı məntiqi əlaqəni tapmaq olmur. Deməli, statistika reallığı əks etdirmir.

 

Statistikaya görə əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalındakı artım çox ciddidir. Bu da onunla bağlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi bütün rayonlarda Aqrar İnkişaf Mərkəzi yaradıb və həmin qurumlar statistik məlumatların toplanması ilə də məşğuldur. Onlar yerlərdə Dövlət Statistika Komititəsinin yerli təşkilatları ilə anlaşır, onlarla işləyir, həm də özləri Kənd Təsərrüfatı Nazirliyinə məlumatlar ötürür. Aqrar İnkişaf Mərkəzləri əksər hallarda statistik məlumatları şişirtməklə məşğuldur.

 

 

Məsələn, rəsmi statistikada keçən il soğan istehsalının artdığı göstərilir. İstehsal necə artıb ki, daxildə tələbatı ödəmək üçün 2020-ci ilin noyabrından Rusiyadan, Qazaxıstandan soğan idxalı artırılıb. Kartof istehsalında da artım göstərilir. Amma İrandan və digər ölkələrdən idxal artır. Əgər kartof, soğan istehsalında artım varsa, bazarlarda qiymətlər enməlidir. Lakin qiymətlər düşmür.

 

 

Əsas meyvə olan alma ilə təminatda da eyni vəziyyət yaranıb. Gürcüstandan alma idxalı artıb. Beş aydan çoxdur ki, daxili bazarda Gürcüstan alması Azərbaycanın istehsal etdiyi almadan çoxdur. Süd, un, bitki yağı, düyü idxalında da artım var”.

 

 

Ekspertin sözlərinə görə əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda yeyinti məhsullarının idxalının artması, kənd təsərrüfatı məhsullarının isə ixracının azalması yalnız yerli istehsalın azalması fonunda baş verə bilər.

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR