Azərbaycanda orta təhsillilər daha çox gəzir – Daxili turizmlə bağlı maraqlı STATİSTİKA

Azərbaycanda orta təhsillilər daha çox gəzir – Daxili turizmlə bağlı maraqlı STATİSTİKA
2020-ci ildə pandemiya və bununla əlaqədar xüsusi karantin rejiminin tətbiq edilməsi Azərbaycanda daxili turizmi də çətin vəziyyətə salıb. Karantin səbəbindən ötən il daxili turist səfəri etmiş insanların sayı 2019-cu ilə nisbətən 3,43 dəfə azalıb. 2019-cu ildə 4,353 milyon nəfər daxili turist səfərinə çıxdığı halda 2020-ci ildə onların sayı 1,268 milyona enib. 

Turistlərin sayı azalmaqla bərabər səyahət sayları da xeyli azalıb. Ötən il ərzində səyahət sayları 4,3 dəfə azalaraq 5,42 milyona düşüb. 

Sfera.az bildirir ki, daxili turistlərin sayının və səfərlərin sayının azalması daxili turizmin dövriyyəsini kiçildib. Nəticədə daxili turizm məqsədilə çəkilən xərclər 2020-ci ildə 3,48 milyard manatdan 813 milyon manata (4,28 dəfə) qədər azalıb. 

Turist səfərləri zamanı dəyər ifadəsində daha çox azalma malların və hədiyyələrin alınmasına çəkilən xərcdə müşahidə olunub. Malların və hədiyyələrin alınmasına çəkilən xərc 620 milyon manat azalaraq 207 milyon manata düşüb. Səyahət zamanı qidalanmaya çəkilən xərc il ərzində 542 milyon manat azalaraq 162,5 milyon manata, nəqliyyat xidmətlərinə çəkilən xərc 506 milyon manat azalaraq 146 milyon manata, yerləşməyə çəkilən xərc 456 milyon manat azalaraq 106 milyon manata, idman və əyləncəyə çəkilən xərc 239 milyon manat azalaraq 49,2 milyon manata düşüb. 

İnsanlar daha çox Bakıya səfər edib. Səfər edənlərin 456 mini Bakıda, 62,7 mini Sumqayıtda, 51,8 mini Gəncədə olub.

Statistika göstərir ki, turist səfərləri etmiş şəxslərin yarıdan çoxu (1,126 milyon) orta təhsilli şəxslərdir. Turistlərin 65,5 mini ali təhsilli olub.

İnsanlar əsasən qohum və dostlarına baş çəkmək üçün səfər edir. Bu məqsədlə səyahət sayı 2,63 milyondur. İstirahət məqsədilə səfər sayı 1,067 milyon, işgüzar məqsədlə səfər sayı 540 min, müalicə məqsədilə 513 min təşkil edib. 

Səyahətə çıxanların daha çox hissəsi yanvarda səfərə gedib. Yanvarda səfər sayları  1,378 milyon olub ki, bu da cəmi səfərlərin 25,4 faizi qədərindədir. Fevralda 953,2 min, martda 791 min səfər olub. İyun, iyul, avqust kimi istirahət aylarında isə səfərlərin sayı ümumilikdə 610 min təşkil edib. 

Vasif
Sfera.az

 



OXŞAR XƏBƏRLƏR