Azərbaycanda insanların ömrü qısalıb

Azərbaycanda insanların ömrü qısalıb
2020-ci ilin rəsmi məlumatlarına əsasən, doğulanların gözlənilən ömür uzunluğu qısalıb. 

Sfera.az xatırladır ki, 2019-cu ildə 76,4 yaş olan gözlənilən ömür uzunluğu, ötən il 73,2 yaşa düşüb. Bu göstərici, 2007-ci ildən sonra qeydə alınan ən pis gösətiricidir. 

Son illərdə doğulanların gözlənilən ömür uzunluğu göstəricisində yaxşılaşma müşahidə edilirdi. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ildə (1991) gözlənilən ömür uzunluğu 70,5 yaş olub. 1995-ci ilə qədər ömür uzunluğu azalaraq 69,1 yaşa düşüb. Amma 1996-cı ildən ömür uzunluğu tədricən yüksəlib və 2007-ci ildə 73-ə, 2013-cü ildə 74,2-yə, 2015-ci ildə 75,2-yə, 2019-cu ildə 76,4-ə çatıb. Müqayisəyə göstərir ki, 2019-cu ildəki gözlənilən ömür uzunluğu ən yüksək olub. 

Təcrübə göstərir ki, iqtisadi böhran, epidemiya gözlənilən ömür uzunluğuna mənfi təsir edir. 2020-ci ildə Covid-19 virusunun yayılması da bu baxımdan öz təsirini göstərib. Virusun kütləvi yayılması ilə əlaqədar ölüm səviyyəsinin kəskin yüksəlməsi gözlənilən ömür uzunluğu göstəricisinin pisləşməsinə səbəb olub. Ötən il dünyasını dəyişənlərin sayı 40 faizdən çox artaraq 75,6 min nəfəri ötüb. 

Qeyd edək ki, doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR