Azərbaycanda günəbaxan yağı bahalaşacaq - Rusiyanın yeni ticarət siyasəti

Azərbaycanda günəbaxan yağı bahalaşacaq - Rusiyanın yeni ticarət siyasəti
Rusiya günəbaxan toxumu ilə yanaşı günəbaxan yağının ixracına da yeni vergi dərəcəsi tətbiq edəcək. Şimal qonşumuz günəbaxan toxumunun ixracına tətbiq etdiyi vergi dərəcəsini 2021-ci ildən artırıb. Dəyişikliyə əsasən, günəbaxan toxumunun ixracına tətbiq edilən vergi dərəcəsi 6,5 faizdən 30 faizə qaldırılıb. Bu, bir ton məhsul üzrə 190-200 dollar vergi deməkdir. Yeni vergi dərəcəsi yanvarın 9-dan iyun ayının sonuna qədər qüvvədədir.

Hökumət günəbaxan toxumunun ixracına tətbiq etdiyi yeni vergi dərəcəsinin müddətini uzadacaq. Rusiya günəbaxan toxumu ilə bərabər günəbaxan yağının ixracına da yüksək vergi dərəcəsi tətbiq etməyi planlaşdırır.

 

Sfera.az Bloomberg saytına istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov açıqlayıb. Nazir günəbaxan toxumunun ixracına tətbiq edilən yüksək verginin davam etdirilməsi zərurətini bazara çıxarılan məhsulun miqdarının az olması ilə əlaqələndirib. O qeyd edib ki, yüksək vergi tətbiq etməklə ixraca yönəldilən günəbaxan toxumunun miqdarını azaltmağı hədəfləyirlər.

 

Reşetnikov 2021-ci ilin sentyabrın 1-dən günəbaxan yağının ixracına da yüksək vergi tətbiq etməyi planlaşdırdıqlarını deyib. Rusiyalı nazir söyləyib ki, vergidən əldə olunacaq əlavə vəsait kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirinin artırılmasına dəstək üçün istifadə ediləcək.

 

Nazir günəbaxan yağı vergisinin dərəcəsinin yayda toplanacaq məhsulun miqdarında asılı olacağını da vurğulayıb.

 

Rusiyanın günəbaxan toxumuna və yağının ixracına yüksək vergi tətbiq etməsi Azərbaycanda oxşar məhsulların qiymətlərinə təsir göstərəcək. Çünki Azərbaycanın idxal etdiyi günəbaxan toxumu və yağının çox hissəsi Rusiyadan alınır. 2020-ci ilin statistikasına əsasən, xam günəbaxan yağı və onun fraksiyalarının idxalının dəyəri 43,74 milyon dollar, miqdarı 52 min tona yaxın olub. İdxal edilən yağın 42,64 milyon dollarlıq (51,06 min ton) hissəsi Rusiyadan alınıb.

 

Yağdan başqa günəbaxan yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların da çox hissəsi Rusiyadan gətirilib. Ötən il bu mal qrupu üzrə 6,246 milyon dollar dəyərində 29941 ton idxal həyata keçirilib ki, bunun da 6,2 milyon dollarlıq hissəsi (27792 tonu) Rusiyanın payına düşüb.

Azərbaycan ötən il 8,52 milyon dollar dəyərində 9,8 min ton günəbaxan toxumu da alıb. Toxumun 7840 tonu və ya 5,12 milyon dollarlıq hissəsi Rusiyadan idxal edilib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR