Azərbaycanda ət və toyuq bahalaşacaq - Yem qiymətlərinin artması qiymətlərə təsir edib
12:31 / 26.01.2021
3984
2019-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda
ət və ət məhsullarının qiymətindəki artım sürətinin bir qədər də güclənməsi
müşahidə edilir. Rəsmi məlumatlar göstərir ki, bahalaşma sürətinin artması həm
mal ətinin, həm də quş ətinin qiymətində qeydə alınıb.
2019-cu ilin yanvar-iyul dövründə ət və ət məhsulları
1 faiz artdığı halda, ilin sonunda bahalaşma 1,8 faizə yüksəlib. 2020-ci ildə
bahalaşma sürəti bir qədər də güclənərək 3 faizi ötüb. Ötən ilin yekunlarına
görə, ət və ət məhsullarının qiyməti orta hesabla 3,3 faiz artıb.
Konkret mal qrupları üzrə götürdükdə 2019-cu ilin
iyulunda orta qiyməti 10,1 manat olan sümüklü mal ətinin dəyəri 2020-ci ilin
dekabrında 10,7 manata çatıb. Müqayisə edilən dövrdə sümüklü qoyun ətinin orta
qiyməti 11,20 manatdan 11,9 manata yüksəlib. Toyuq ətinin qiyməti sabit qalıb.
Dekabrda toyuq ətinin orta qiyməti 4,6 manat olub. Toyuq budunun qiyməti 2,9
manatdan 3,7 manata, suda bişmiş kolbasanın dəyəti 9,6 manatdan 10,2 manata,
sosiskanın qiyməti 9,3 manatdan 10,2 manata yüksəlib.
Sfera.az bildirir ki, son ilyarımda ət və ət məhsullarının
bahalaşmasının səbəbi dünyada taxıl və soya məhsullarının qiymətinin nəzərəçarpacaq
dərəcədə yüksəlməsi ilə əlaqədardır. Adıçəkilən bitki məhsullarının bahalaşması
heyvan yemlərinin qiymətinin artması ilə nəticələnir ki, bu da öz növbəsində ətin
bahalaşmasına əsas yaradır.
Beynəlxalq birja məlumatlarına əsasən, buğdanın
qiyməti son bir ildə 13 faiz, son 3 ildə 46 faiz yüksəlib. Qarğıdalının qiyməti
bir ildə 34 faiz, son 3 ildə 43 faiz, soyanın dəyəri son bir ildə 49 faiz, 3
ildə 36 faiz artıb. Bu məhsullar mal və quş yemlərinin hazırlanmasında əsas xammal
kimi istifadə edilir. Buna görə də onların bahalaşması son bir-iki ildə ət və ət
məhsullarının dəyərini yüksəldib.
Bəs, bundan sonra bahalaşma davam edə bilərmi? Yaranmış
vəziyyət göstərir ki, adıçəkilən bitkiçilik məhsullarının dəyərinin yaxın
aylarda ciddi enməsi real deyil. Çünki 2019-cu və 2020-ci ildə taxıl və soya məhsulları
yetişdirilən ölkələrdə ciddi quraqlıq müşahidə edilib. Quraqlıq məhsuldarlığı
xeyli dərəcədə azaldıb və bunun sayəsində yığılan ümumi məhsulun miqdarı
azalıb. 2020-ci ildə quraqlıqla yanaşı sərt karantin qaydaları da məhsul
istehsalına mənfi təsir edib. Ötən il tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyətə
çətinliklər yaratdığından kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. Hər
iki amil satışa təklif edilən məhsulların miqdarının xeyli azalmasına səbəb
olub ki, bu da qiymət artımlarını dəstəkləyib.
2020-ci ildə istehsal edilən məhsul 2021-ci ilin
birinci yarısına qədər olan tələbatı ödəyir. Bu ilin yeni məhsulu ikinci
yarımildə bazarlara çıxarılacaq. Buna görə də ən yaxşı halda ilin ikinci
yarısına qədər yem qiymətlərinin və ətin bahalaşması davam edəcək.
Vasif
Sfera.az