Azərbaycanda ən çox bu məhsullar bahalaşıb - SİYAHI

Azərbaycanda ən çox bu məhsullar bahalaşıb - SİYAHI
Ötən il olduğu kimi, bu il də ərzaq qiymətlərində yüksək artım müşahidə edilir. Rəsmi məlumatlara əsasən ərzaq məhsulları ümumən 4,8 faiz bahalaşıb. Lakin elə məhsullar var ki, onların qiymətində artım daha yüksəkdir. Hətta bəzilərində bahalaşma sürəti ikirəqəmlə ifadə edilir.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin martında ötən ilin martına nisbətən dəyəri 10 faizdən artıq yüksələn məhsullarının sayı 25-dən çoxdur. Bunların arasında həm kənd təsərrüfatı, həm də sənaye məhsulları var.
 
Dəyəri ən çox artan ərzaq məhsulu qarabaşaq yarmasıdır. Bu məhsul bir il ərzində 34 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı orta hesabla 1,96 manata satılan qarabaşağın qiyməti bu ilin martında 2,63 manata yüksəlib.
 
Duru yağlar da çox bahalaşıb. Günəbaxan yağının qiyməti son bir il ərzində 26 faiz artıb. Əvvəlki ildə litri 2,9 manat olan günəbaxan yağları bu il 3,65 manata satılır. Qarğıdalı yağı da çox bahalaşıb. Qarğıdalı yağının dəyəri 4,3 manatdan 5,05 manata qədər artıb. İl ərzində qarğıdalı yağı 16,8 faiz bahalaşıb.
Bu il süd məhsullarının və yumurtanın qiymətində ciddi artım müşahidə edilir. Süd məhsullarından kəsmiyin orta qiyməti martda 19,5 faiz artıb. Əvvəllər 7,6 manata satılan kəsmik ötən ay 9,07 manata alıcı tapıb. Şor da kəskin bahalaşıb. Şorun qiyməti 12,3 faiz dəyər qazanaraq 2,9 manatdan 3,25 manata yüksəlib.
 
Toyuq yumurtası isə 19,4 faiz bahalaşıb. Ötən ilin martında 10 ədədi 1,66 manat olan yumurta bu ilin martında 1,98 manata satılıb.
 
Bahalaşma "yarışında” meyvələr də geri qalmır. Bəzi meyvələrdə qiymət artımı iki rəqəmlə ifadə olunur. Meyvələrin arasında bahalaşma çempionu naringidir. Bu məhsulun dəyəri 28 faiz artaraq 2,34 manatdan 3 manata yüksəlib. Almanın qiyməti də xeyli dərəcədə artıb. Ötən ilin martında orta qiyməti 1,77 manat olan alma hazırda 2,05 manata alıcı tapır. Bir ildə alma 16 faizə yaxın bahalaşıb.

Tərərəvəzlər arasında da dəyəri kəskin artan məhsullar var. İstixana xiyarının qiyməti 27 faiz artaraq 3,94 manata, göy lobyanın qiyməti 23 faiz artaraq 2,4 manata, yerkökünün dəyəri 19 faiz artaraq 1,05 manata, çuğundurun qiyməti 13,4 faiz yüksələrək 0,85 manata, quru noxud 13,3 faiz bahalaşaraq 3,6 manata, mərci 13 faiz bahalaşaraq 2,85 manata çatıb.
 
Dəyəri on faizdən artıq yüksələn ərzaq malları arasında şəkər və şirniyyat məhsullarına da rast gəlinir. Şəkər tozu bir il ərzində 19,6 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı 1,07 manat olan şəkər tozunun qiyməti hazırda 1,3 manatdır.
 
Qənd 12,6 faiz bahalaşıb. Bir il ərzində qəndin kiloqramının dəyəri 1,77 manatdan 2 manata yüksəlib.
 
Son bir ildə əsas istehlak mallarından olan süfrə duzu 10,5 faiz (0,66 manatdan 0,73 manata), uşaq qidaları 10,7 faiz (9,4 manatdan 10,4 manata) bahalaşıb.
 
Ərzaq məhsulları arasında ucuzlaşan mallar da var. Amma bunların sayı olduqca azdır, ucuzlaşma nisbəti isə kiçikdir. Əsas ərzaq məhsulları arasında mal əti 2,3 faiz, mal ciyəri 1,14 faiz ucuzlaşıb.
 
Meyvələrdən şabalıd 4,7 faiz, tərəvəzlərdən badımcan 18,5 faiz, ağ kələm 8 faizə yaxın, şirin bibər 5 faiz, kartof 3 faiz dəyər itirib. Bu il quru meyvələrin bir çoxu dəyər itirib. O cümlədən xurma 7 faiz, alça 4 faiz ucuzlaşıb.

Ümumiləşdirsək, son bir ildə ərzaq məhsullarından tərəvəzlər 4,9 faiz, çörək 5 faiz, şəkər və şirniyyat məhsulları 5,5 faiz, süd və süd məhsulları 7,3 faiz, meyvələr 9,1 faiz dəyər qazanıb. Bu müddətdə yalnız ət və ət məhsulları 0,4 faiz ucuzlaşıb.  
 
Vasif
 
 
 
 

OXŞAR XƏBƏRLƏR