Azərbaycanda əməkhaqqları azalır, pensiyalar artır – Belə davam edərsə...

Azərbaycanda əməkhaqqları azalır, pensiyalar artır – Belə davam edərsə...
Azərbaycanda orta pensiya məbləğinin orta əməkhaqqına nisbətində artım müşahidə edilir. 2020-ci ildə orta aylıq pensiyanın orta əməkhaqqına nisbəti 42,4 faiz olduğu halda birinci rübün sonunda 48 faizi ötməsi proqnozlaşdırılır. Mövcud şərtlər daxilində ilin sonunda nisbətənin 50 faizi keçməsi mümkün görünür. 

2020-ci ildə pensiyaların orta məbləği 300 manat, orta əməkhaqqı 707 manat idi. Bu ilin birinci rübündə orta pensiya məbləği 332 manata yüksəlib. Birinci rübün sonunda orta əməkhaqqının nə qədər olacağı mayda bilinəcək. Yanvarın sonuna aid olan göstəriciyə əsasən orta əməkhaaqı 17 manat azalaraq 690 manata enib. Əhalinin nominal gəlirlərinin azalmasını nəzərə alsaq, böyük ehtimalla orta əməkhaqqında fevral və martda ciddi dəyişiklik olmayacaq. Deməli, yanvardakı göstərici ilə müqayisə etdikdə məlum olur ki, birinci rübün sonunda orta pensiya məbləğinin orta əməkhaqqına nisbəti 48 faizi ötür. 

Sfera.az xatırladır ki, Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, pensiyanın həcmi ölkədə olan əməkhaqqının 40 %-dən aşağı olmamalıdır. Əvvəllər bu nisbət xeyli aşağı olub. 2005-ci ildə orta pensiya məbləği 28,5 manat, orta maaş 123 manat idi. Həmin ildə pensiyaların əməkhaqqına nisbəti 23,2 faizə yaxın olub. 2010-cu ildə bu nisbət 34 faiz, 2015-ci ildə 37,1 faiz idi. 2019-cu ildə ilk dəfə 40 faizlik hədd aşıldı və nisbət 41,5 faiz təşkil etdi. 

Yaşa görə pensiyaların orta məbləğinin orta əməkhaqqına nisbəti daha sürətlə artıb. 
2005-ci ildə yaşa görə orta pensiya məbləği 29,5 manat idi. Həmin dövrdə yaşa görə orta pensiya məbləğinin orta əməkhaqqına nisbəti 24 faiz, 2010-cu ildə 35,5 faiz, 2015-ci ildə 42,3 faiz, 2019-cu ildə 45,9 faiz, 2020-ci ildə 51 faiz olub. Bu ilin birinci rübündə yaşa görə orta pensiya məbləği 362,3 manat, orta əməkhaaqına nisbəti 52 faizdən yüksəkdir.
 
Pensiyaların orta məbləğinin artmasında 2019 və 2020-ci ildəki yüksək indeksləşdirmənin, eyni zamanda 2019-cu ildə minimum pensiyanın 110 manatdan 200 manata çatdırılmasının böyük təsiri var. 

Vasif
Sfera.az







OXŞAR XƏBƏRLƏR