Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası

Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası

Son vaxtlar ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl struktur və kadr islahatları fonunda dövlət kommunikasiyasının dövrün tələblərinə uyğun səviyyədə təşkili və genişləndirilməsi məsələsi mühüm vəzifələrdən biri kimi önə çıxmağa başlamışdır. Bu isə heç də təsadüfi deyil. Çünki, aparılan siyasi islahatların və yenilənmələrin cəmiyyət tərəfindən nə dərəcədə düzgün başa düşüldüyünü, iqtidarın əhaliyə ötürdüyü siqnalları nə qədər keyfiyyətlə qəbul edildiyini anlamaq, həmçinin dəyişikliklərin məhz vətəndaşları narahat edən istiqamətlər üzrə davam etməsinə nail olmaq üçün keyfiyyətli kommunikasiyanın mövcudluğu ən birinci şərtdir. Müasir idarəçilik nəzəriyyələrindən də məlum olduğu kimi dövlət kommunikasiyasının əsas məqsədi vətəndaşları hakimiyyətin həyata keçirdiyi siyasətin hədəfləri və faydası haqqında vaxtında və anlaşıqlı bir üslubda məlumatlandırmaqdan, həmçinin qəbul edilmiş siyasi və iqtisadi qərarları əsaslandırmaqdan ibarətdir. Dövlət kommunikasiyasının effektivliyi isə onu ikitərəfli formatının təmin edilməsindən asılıdır. Yəni, bu prosesdə dövlət ictimaiyyətlə ünsiyyət qurmaqla bərabər, həm də vətəndaşların mövqeyini dinləməyi və ictimai rəyə dair təhlillər apararaq həssas nöqtələri müəyyən etməyi bacarmalıdır.


Dövlət kommunikasiyası səmərəli dövlət idarəçiliyi sisteminin qurulmasına verdiyi mühüm töhfələrdən biri də dövlət-cəmiyyət ünsiyyətindəki kanalların etibarlılığının və təhlükəsizliyinin təmin edilməsilə bağlıdır. Daha dəqiq desək, əgər dövlət öz vətəndaşları ilə davamlı kommunikasiyanın həyata keçirilməsinə zəruri diqqət ayırmasa zamanla bu münasibətlər üçüncü qüvvələrin ixtiyarına keçə bilər. Müasir dövrdə bir sıra ölkələrin təcrübəsi göstərir ki, vətəndaş dövlət orqanları ilə təmas qurmağa çətinlik çəkdiyi zaman ictimaiyyət arasında meydana çıxan narazılıq dalğası bir müddət sonra ölkədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr üçün iqtidara qarşı təzyiq vasitəsinə çevrilir.

 

Xəbər portalları, internet televiziyalar və sosial media vasitəsilə məlumat əldəetmə prosesinin 10 il öncə ilə müqayisədə daha əlçatan olması və bu proseslərin daha da sürətli baş verməsi dövlətin çevik, həssas, multi-faktorlu, hazırkı sosial reallığı nəzərə alan daxili və xarici kommunikasiya metodlarının tətbiqinə ehtiyac yaradır. Bu zaman daxili və xarici kommunikasiya metodları vahid bir strategiya olaraq bir-birini tamamlamalı və möhkəmləndirməlidir.

Bəs müasir dövrdə uğurlu dövlət kommunikasiyasını təmin edən amillər hansılardır? Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin kommunikasiya strategiyalarını təhlil etdikdə görürük ki, uğurlu kommunikasiyanı təmin edən amillərin içərisində operativlik və anlaşıqlı ünsiyyət üslubu öndə gəlir. Yəni, dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar və atılan addımlar müvafiq dövlət strukturları vasitəsilə əhalinin böyük əksəriyyətinin başa düşəcəyi və qəbul edəcəyi formatda cəmiyyətə çatdırılmalı və izah edilməlidir. Anlaşılmaz və uzun-uzadı cümlələrlə, qəliz ifadələrlə təqdim edilən məlumat hər nə qədər vacib olursa olsun çox az insanın diqqətini cəlb edə bilir. Bu, insan psixologiyasından və müasir yaşayış tərzindən qaynaqlanan həqiqətdir. Sözügedən reallıq mütləq şəkildə nəzərə alınmalıdır. Cəmiyyətin böyük əksəriyyətinin psixologiyasını, düşüncə tərzini və davranışını nəzərə almadan onunla uğurlu ünsiyyət qurmaq mümkün deyil.

 

Uğurlu dövlət kommunikasiyasının növbəti vacib şərtlərindən biri isə müasir texnologiyaların imkanlarından lazımi yerdə və lazımi səviyyədə bəhrələnmək bacarığıdır. Yəni, məlumat və siqnallar ötürülərkən dövlət strukturları ənənəvi KİV-lərlə yanaşı, əhalinin böyük əksəriyyətinin fəal istifadə etdiyi internet və sosial şəbəkələrin imkanlarından da geniş şəkildə faydalanmağa çalışmalıdır. Müasir dövlət kommunikasiyası yerli əhalinin internetə çıxışını və sosial media aktivliyini nəzərə alaraq dövlət siyasətini və prioritetlərini yeni media və innovativ alətlərdən, rəqəmsal texnologiyalardan peşəkar səviyyədə istifadə etməklə ictimaiyyətin diqqətinə çatdırmağı tələb edir. Kommunikasiya zamanı kütləvi smslərdən tutmuş, ən çox istifadə olunan mobil tətbiqlərdə və internet səhifələrdə reklamlar da daxil olmaqla, lazımı mesajin daha böyük kütləyə çatdırılması üçün mümkün olan bütün kanallardan istifadə olunmalıdır.

Uğurlu dövlət kommunikasiyasının əsas şərtlərindən biri də açıqlıq, əlçatanlılıq və etibarlılıqdır. Dövlət strukturlarının informasiya açıqlığının və vətəndaşların informasiya əldə etmək imkanlarının artırılması ictimai nəzarətin gücləndirilməsi baxımdanönəmli məqamdır. Vətəndaş cəmiyyəti institutlarının və araşdırma mərkəzlərinin tədqiqat imkanlarının da genişləndirilməsi məqsədilə məlumat əlçatımlılığı təmin edilməlidir.


Son illərdə Azərbaycanda dövlət kommunikasiyasının keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş və dövlət-vətəndaş ünsiyyəti daha asanlaşmış, dövlət məmurlarının və strukturlarının əlçatanlığı artmışdır. Dövlət institutunun daha cavadeh və çevik olması, sosial şəbəkələrdə və mediada müzakirəyə səbəb olan hər bir kiçik məsələyə reaksiya verməsi əhalidə dövlət kommunikasiyasının təşkili baxımından müsbət rəy formalaşdırır. Məsələn bu ilin may ayında şəxsi torpaqları Biləsuvar rayonunun həbs olunan keçmiş icra başçısı tərəfindən mənimsənilən ailənin mediada yayımlanan açıq müraciətinin Prezident İlham Əliyev tərəfindən dərhal nəzarətə götürülməsi və məsələnin araşdırılaraq həll olunması yüzlərlə bu cür nümunələrdən biridir. Və yaxud, 2019-cu ildə Bakının Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın sökülmək təhlükəsi qarşısında qaldığı zaman sosial mediada yaranan etirazlara dərhal cavab olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi bina ətrafında yaranan qalmaqala rəsmi "instragram” səhifəsi üzərindən reaksiya verərək məsələnin müsbət həllinə yardım göstərmişdir.

 

Dünyanın bir çox inkişaf etmiş ölkələrinin, xüsusilə Böyük Britaniya və Kanada təcrübələrinə baxdıqda, dövlətin xüsusi kommunikasiya strategiyalarının tətbiqi və dövlət kommunikasiya mərkəzlərinin fəaliyyəti kommunikasiyanın dövlət idarəçiliyinin əsas tərkib hissəsi olduğunu ortaya qoyur. Bu cür təkmil kommunikasiya strategiyaları bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə rabitəli şəkildə tətbiq olunmalıdır. Tövsiyyə olunan strategiyalar hazırlanan zaman, ölkənin böyük şəhərləri başda olmaqla hər bir regionun infrastrukturu və əhalinin informasiya texnologiyalarından istifadə səviyyəsi təhlil olunmalı, və bu kriteriyalar əsasında əhalinin yaş qrupu, regionun sosial-iqtisadi inkişafı, İKT-dən istifadə səviyyəsi nəzərə alınaraq icra edilməlidir. Dövlət kommunikasiyasının daha sistemli təşkili üçün bu sahəyə professionallar cəlb olunmalı, onların iştirakı ilə hədəf auditoriyanın düşüncə tərzlərinə və davranışlarına təsir gücünə malik olan strateji əhəmiyyətli dövlət kommunikasiya strategiyaları hazırlanmalıdır. Dövlət tərəfindən vətəndaşlarının düzgün, əhatəli, aydın və dəqiq məlumatlandırılması və qavranılması üçün bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rabitəli və əlaqələndirilmiş kommunikasiyası təşkil olunmalıdır. Məhz uğurlu kommunikasiyanın tətbiqi ilə dövlət öz vətəndaşları ilə vahid bir orqanizm kimi səmərəli ünsiyyət yaratmağa qadirdir. Kommunikasiya dövlət orqanlarını bir çətir kimi birləşdirən, anlaşılmazlıqların qarşısını alan, çevik və operativ bir mexanizm kimi müasir idarəçilik sisteminin ayrılmaz tərkib hissəsidir. Ümid edirəm ki, ölkəmizdə bu sahənin öyrənilməsi və düzgün tətbiqi istiqamətində başlanmış iş uğurla davam etdiriləcəkdir.


Səbuhi Rzayev

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Böyük Britaniyanın York Universitetinin məzunu.


OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...