Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub. İri kommersiya banklarından birindən verilən xəbərə görə, AMB banklara valyuta mübadiləsini bərpa etməyi tapşırıb. Lakin məktubda AMB valyuta mübadiləsinə limitin tətbiq edilməsini tövsiyə edib.
Maksimum limit hər nəfərə 1000 dollar səviyyəsində müəyyənləşib.
“Mərkəzi Bank məktubda bildirib ki, bankların xarici valyuta ilə təminatında heç bir problem yaşanmayacaq. Bu addım valyuta bazarında spekulyasiyaların, əhali arasında isə ajiotajın aradan qaldırılmasına hesablanıb”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.