Azərbaycanda bu sahələrə sərmayə yatıranlar daha çox qazanır – SİYAHI

Azərbaycanda bu sahələrə sərmayə yatıranlar daha çox qazanır – SİYAHI
2010-cu ildən sonrakı dövrün təhlili göstərir ki, Azərbaycan iqtisadiyyatının əksər sahələrində inkişaf, böyümə müşahidə edilsə də, bəzi sahələrdə yaradılan dəyər daha böyükdür, həmin sahələrə sərmayə yatıranlar daha çox qazanır.  

Real inkişaf göstəricilərini nəzərə aldıqda görürük ki, 6 sahədə inkişaf potensialı daha yüksəkdir. Bunlar kənd təsərrüfatı, emal sənayesi, ticarət, daşınmaz əmlak, turizm, informasiya və rabitə sahələridir. 

Sfera.az bildirir ki, xüsusi karantin rejiminin yaratdığı vəziyyət nəzərə alınmasa, son 10 ildə adıçəkilən sahələrin hər birində real böyümə 50 faiz və ondan artıq olub. İki sahədə böyümə sürəti hətta 100 faizi ötüb. 

Ötən illərdə investorların sərmayəsini daha çox dəyərləndirən turizm, informasiya və rabitə sahələridir. Bu sahələrdə 2010-cu illə müqayisədə 2019-cu ildə böyümə 2,5 dəfədən çox olub. Turizm sahəsində yaradılan əlavə dəyərin həcmi 2010-cu ilə nisbətən 2,85 dəfə artıb. 2019-cu ilin sonunda informasiya və rabitə sahəsində böyümə 2,53 dəfəyə çatıb. 

Amma 2020-ci ildə vəziyyət dəyişib. Ötən il pandemiyanın baş verməsi ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyindən turizm fəaliyyəti xeyli məhdudlaşdı. Bu səbəbdən turizmdə yaradılan dəyər 2020-ci ildə 2,2 dəfədən çox azaldı və 2010-cu illə müqayisədə real böyümə 2,85 dəfədən 17 faizə düşdü. 

Karantin tədbirlərinin yumşaldılmasından sonra turizmdə böyümənin yenidən güclənəcəyi proqnozlaşdırılır. Buna görə də turizm ən gəlirli sahə kimi öz cəlbediciliyini qarşıdakı illərdə də qoruyacaq. 

İnformasiya və rabitə sahəsində isə 2020-ci ildə də real böyümə qeydə alınıb. Burada ötən il 2010-cu illə müqayisədə real böyümə 155 faiz (2,55 dəfə) olub. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı, elektron xidmətlərin genişləndirilməsi bu sahənin iqtisadi cəlbediciliyini artırır. Azərbaycanda informasiya və rabitə sahəsi hələ yüksək inkişaf səviyyəsinə çatmadığından bu sahə də qarşıdakı illərdə investorlar üçün cəlbedici olacaq. 

Sürətli böyümənin qeydə alındığı digər sahə ticarətdir. Burada 2010-cu illə müqayisədə 2019-cu ildə real böyümə 80 faiz olmuşdu. Ötən il karantin tədbirləri ticarət sahəsinə də zərər vurduğundan 2020-ci ildə onillik real böyümə 77,4 faizə geriləyib. Xüsusi halı nəzərə almasaq, ticarətdə dəyərin böyüməsinin 2021-ci və növbəti illərdə də davamlı olacağı yəqindir. Bu səbəbdən ticarət sahələri investorlar üçün cəlbediciliyini qoruyacaq. 

Azərbaycanda son illərin ən sürətli böyüyən sahələrindən biri də emal sənayesidir. Bu sahədə yeni müəssisələrin yaradılması, istehsaldan əldə edilən gəlirlərin artması emal sənayesində real böyümə göstəricilərini yaxşılaşdırıb. Emal sənayesində 2010-cu ilə nisbətən 2019-ci ildə real böyümə 46,4 faiz olduğu halda, 2020-ci ildə  61,6 faiz təşkil edib. Dinamika göstərir ki, emal sənayesində böyümə sürətinin yüksək olması hələ bir neçə il davam edəcək. Çünki bu sahədə yeni müəssisələrin yaradılması imkanı genişdir. 

Daşınmaz əmlak hər zaman cəlbedici sahələrdən olub. Həm fiziki, həm də hüquqi şəxslər arasında yüksək gəliri olanlar daşınmaz əmlaka investisiya edir. Bununla əlaqədar ötən illərdə daşınmaz əmlak sektorunda real böyümə 61 faizi ötüb. Daşınmaz əmlakın cəlbediciliyi qarşıdakı dövrdə də yüksək səviyyədə qalacaq.

Kənd təsərrüfatı da stabil və sürətlə böyüyən sahələrdəndir. Onillik dövrdə aqrar sahədə real böyümə 50 faizi ötüb. Əhalinin sayının artmasını və ixrac imkanlarının genişlənməsini nəzərə alsaq, kənd təsərrüfatı da cəlbedici sahələrdən biri kimi qalacaq. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR