Azərbaycanda bu il Novruz süfrəsi NEÇƏYƏ BAŞA GƏLƏCƏK?
11:51 / 19.03.2021
1434
Dörd nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi açmaq üçün minimum 205 manat xərcləməlidir.
Sfera.az belə bir hesablamanı Novruz bayramı ərəfəsində bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə istehlak bazarında mövcud qiymətlər əsasında aparıb.
Bu məbləğə şirniyyat (paxlava, şəkərbura, qoğal, konfetlər və sair), meyvələr, içkilər, yeməklər, onların hazırlanmasına sərf olunan elektrik enerjisi, qazın dəyəri və sair daxildir.
Bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara (qoz ləpəsi, yağ, şəkər tozu, un, süd, smetan, ədviyyat və sair) minimum 30 manat, 30 ədəd şəkərburanın hazırlanması üçün (fındıq ləpəsi, ədviyyat, şəkər tozu, un, süd və sair) 20 manat, 30 qoğalın bişirilməsi üçün 15 manat xərcləmək lazımdır.
Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun stola gəlməsi üçün orta statistik Azərbaycan ailəsi təxminən 30 manat vəsait sərf etməlidir.
Bayram nemətlərindən olan çərəzlər (fındıq, qoz, badam, püstə, iydə, innab, xurma qurusu, kişmiş və sair) ailənin daha 55 manat xərcləməsini tələb edir.
Alma, armud, banan, mandarin, heyva və portağaldan ibarət meyvələr 25 manata, içkilər (alkoqolsuz) 10 manata başa gəlir.
Bayram süfrəsində salatlar da olur. Paytaxt, mimoza, pomidor və xiyardan hazırlanan müxtəlif salatlar süfrədə yerləşdirilir. Bu növ salatların hazırlanmasına 20 manat lazımdır.
Beləliklə, digər xərclərlə (işıq, qaz və s.) birlikdə Novruz süfrəsinin dəyəri 215 manata çatır. Amma kimsə plovdan əlavə də yemək hazırlamaq istəyəcəksə, bu zaman xərclər daha da yüksələcək. Bu halda Novruz süfrəsinin dəyəri 250, hətta 300 manata qədər yüksəlir.
Qeyd edək ki, Novruz süfərisi ildən-ilə bahalaşır. Bahalaşmanın əsas səbəbi ərzaq qiymətlərinin yüksəlməsidir. Belə ki, 2010-cu illə müqayisədə 2021-ci ilin yanvarın 1-nə kimi ərzaq qiymətləri təxminən 80 faiz yüksəlib. Bu o deməkdir ki, 2021-ci ildə 300 manata başa gələn Novruz süfrəsini hazırlamağa 2010-cu ildə 120 manat lazım idi.
Vasif
Sfera.az