Azərbaycanda iqtisadi rayonların sayı 10-dan 14-ə artırıldı

Azərbaycanda iqtisadi rayonların sayı 10-dan 14-ə artırıldı
Azərbaycan Prezidentinin imzaladığı Fərmanla iqtisadi rayonların yeni bölgüsü aparılıb. Yeni bölgüyə əsasən ölkəmizdə olan 10 iqtisadi rayonun arazisində 14 iqtisadi rayon yaradılıb.
 
Sfera.az xatırladır ki, əvvəlki bölgüyə əsasən ölkəmizdə Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonları olub.
 
Yeni bölgü ilə Bakı ayrıca iqtisadi rayona çevrilib. Abşeron, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonlarının tərkibində ciddi dəyişiklik edilməyib. Sadəcə olaraq Abşeron və Lənkəran iqtisadi rayonlarının adı dəyişdirilərək Abşeron-Xızı və Lənkəran-Astara adlandırılıb.
Ciddi dəyişiklik Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında edilib.
 
Aran iqtisadi rayonunun ərazisində Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.
 
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları ləğv edilərək onların ərazisində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları formalaşdırılıb.
Kəlbəcər-Laçın iqtisadi rayonuna aid olan 4 rayon – Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan, həmçinin Yuxarı Qarabağda olan Cəbrayıl rayonu Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə daxil edilib.
 
Yuxarı Qarabağın tərkibində qalan 7 rayon və əvvəllər Aran iqtisadi rayonunda daxil olan Ağcəbədi və Bərdə rayonları isə Qarabağ iqtisadi rayonunu formalaşdırıb.
 
Gəncə-Qazaxa aid olan rayonlar 2 iqtisadi rayona daxil edilib.
 
Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlar Gəncə-Daşkəsən iqtisadi rayonunu, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları isə Qazax-Tovuz iqtisadi rayonlarını formalaşdırıb.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR