Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli neft yatağı ilə bağlı MEMORANDUM İMZALADI
14:41 / 21.01.2021
3023
21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sfera.az-ın məlumatına görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.
Qeyd edək ki, həmin neft yatağı Azərbaycanla Türkmənistan arasında uzun illər müzakirə mövzusu olub. Bu yatağı hər iki tərəf müxtəlif adla - Azərbaycan "Kəpəz”, Türkmənistan isə "Sərdar” adlandırırdı.
1997-ci etibarən adı çəkilən yatağ iki ölkə arasında mübahisəyə səbəb olmuşdu. 2000-ci illərdə bu istiqamətdə müzakirələr davam edib.
Təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağı ilk olaraq Azərbaycan neftçiləri tapıb və 1989-cu ildə orada ilk kəşfiyyat quyusunu qazıblar. Neft 4 kilometr dərinliyindəki layda aşkarlanıb.
Yataqda təqribən 100 milyon ton neftin olduğu güman olunur. Yeni texnologiyalarla bu neftin 50 milyonunu hasil etmək mümkündür. Bu isə təqribən 35 milyard dollar deməkdir.
Son nəticədə "Dostluq” adlandırlan yataq iki ölkə arasında etibarlı münasibətlərin yeni indikatoru sayıla bilər.