Azərbaycan və Ermənistanın hərbi-iqtisadi imkanları – Müqayisəli təhlil
Münaqişə vəziyyətində olan ölkələrin müharibəyə hazırlıq vəziyyəti onların iqtisadi imkanlarından, müdafiə məqsədilə xərclədiyi vəsaitlərin həcmindən və insan resurslarından asılı olur.
Sadalanan faktorlar ümumilikdə bir ordunun döyüş qabiliyyətinin göstərisi hesab edilir. Baş verən hərbi münaqişələrdə hər zaman silah və texnikalar önə çıxır, daha yaxşı hərbi vasitələrə, hazırlıqlı əsgərə sahib olan tərəf döyüş meydanında üstünlük qazanır.
Amma güclü silah və texnikaya sahib olmaq öz-özünə təmin edilmir. Təminat vəziyyəti dövlətin iqtisadi, maliyyə imkanları ilə birbaşa əlaqəlidir. Daha böyük iqtisadiyyata və büdcəyə sahib olan dövlət döyüş vasitələrinin əldə edilməsinə daha çox maliyyə ayıra bilir və bunun hesabına yaxşı təchiz edilmiş güclü ordu formalaşdıra bilir. Eyni zamanda böyük insan resurslarına sahib olan ölkə daha böyük ordu, silahlı birləşmələr formalaşdırmaq qabiliyyətinə yiyələnir.
Sfera.az xatırladır ki, münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycan döyüş qabiliyyətini artırmaq məqsədilə davamlı hərbi xərclərini artırır. Bu məqsədlə ayrılan vəsaitlərə diqqət yetirdikdə görürür ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti, təchizat səviyyəsi Ermənistan ordusundan xeyli dərəcədə yaxşıdır.
2008-2019-cu illərdə Azərbaycanın müdafiə məqsədilə ayırdığı vəsaitin həcmi Ermənistanın eyni məqsədlə ayırdığı vəsaitdən təxminən 5,3 dəfə çox olub. Qeyd edilən dövrdə müdafiə məqsədilə Azərbaycan 28 milyard dollar xərclədiyi halda, Ermənistan cəmi 5,3 milyard dollar xərcləyə bilib.
Ermənistanın hərbi büdcəsi 2018-ci ildə 468 milyon dollar, 2019-cu ildə 530 milyon dollar olub. Həmin dövrdə Azərbaycanın bir illik hərbi xərci 1,75-1,88 milyard dollar təşkil edib.
Bu məlumatlardan göründüyü kimi, hər il hərbi xərclərə Azərbaycan Ermənistandan 3-3,6 dəfə çox vəsait yönəldə bilib.
Amma Azərbaycandan fərqli olaraq Ermənistan hərbi xərclərini təmin etmək üçün büdcə xərclərindəki ədalətli bölgünü pozur. 2018-ci ildə dövlət büdcəsinin cəmi xərclərinin 21 faizi, 2019-cu ildə 20 faizi müdafiə məqsədilə ayrılıb. Azərbaycanda hərbi xərclərin ümumi xərclərə nisbəti isə 9-11 faiz səviyyəsindədir ki, bu da dünyada məqbul bölgü hesab edilir.
Böyük hərbi büdcə Azərbacana Ermənistanla müqayisədə silahlanmaya daha çox vəsaitin yönəltməyə imkan yaradır. Vəsaitin böyük olması sayəsində milli ordumuzun silah və texnikaya olan ehtiyacı tam təmin edilir. Buna görə də hazırda Azərbaycan ordusu tam koplektləşdirilmiş ordulardan birinə çevrilib.
Ermənistan silaha olan ehtiyacının 90 faizindən çoxunu Rusiya hesabına təmin edir. Maliyyə imkanlarının azlığı səbəbindən Ermənistan əsasən köhnə və ucuz silahlar, hərbi təyinatlı texnikalar alır.
Azərbaycanın silah və texnika ilə təminatda imkanları daha genişdir. Azərbaycan da hərbi təyinatlı vasitələrin əsas hissəsini Rusiyadan alır. Amma Rusiya ilə bərabər İsrail, Türkiyə və digər ölkələrlə də silah və digər hərbi təyinatlı vasitələrin alışı həyata keçirilir. Ölkəmiz Ermənistandan fərqli olaraq Rusiyadan, İsraildən, Türkiyədən və başqa ölkələrdən əsasən yeni və müasir texnologiyalarla təchiz olunan silah sistemlərini əldə edə bilir.
Müharibədəyə hazırlıq vəziyyətinə əsgərlərin hazırlıq səviyyəsi də və hərbi mükəlləfiyyətlilərin, yəni hərbi xidmətə cəlb edilə bilən insanların sayı da təsir edir. Azərbaycanın hərbi büdcəsinin böyük olması, eyni zamanda müttəfiq ölkələrlə birgə həyata keçirilən təlimlər hərbi qulluqçuların hazırlıq səviyyəsini xeyli dərəcədə yaxşılaşdırıb. Əsgərlərimiz sahib olduğu silah və texnikadan sərbəst, yüksək peşəkarlıqla istifadə etmək qabiliyyətinə sahibdir.
Ölkəmiz hərbi xidmətə yararlı olan insanların sayı baxımından da çətinlik çəkmir. 1990-cı illərin əvvəli ilə müqayisədə Azərbaycanın Ermənistandan insan resurslarına görə üstünlüyü xeyli artıb. Burada təbii ki, demoqrafik vəziyyət üstün rol oynayıb.
1991-ci ildə Ermənistanın 4 milyon, Azərbaycanın 7,2 milyon əhalisi olub. Həmin dövrdə Ermənistanda yaşı 18-lə 55 aralığında olan kişilərin sayı təxminən 800 min idi. 2019-cu ildə hərbi mükəlləfiyyətlilərin sayı 550 min nəfərə qədər azalıb.
Azərbaycanda vəziyyət müsbətə doğru dəyişib. 1991-ci ildə 18-55 yaş aralığında olan kişilərin sayı 1,75 milyon olduğu halda 2019-cu ildə 2,7 milyonu ötüb.
1991-ci ildə ölkəmizdə hərbi mükəlləfiyyətlilərin sayı 2,2 dəfə çox olduğu halda, hazırda fərq 5 dəfəyə yaxındır. Bu fərq onu göstərir ki, Ermənistanın 1 döyüşə bilən əsgərinə qarşı Azərbaycan 5 döyüşə bilən əsgəri var.
Ümumilikdə, əsgər sayını 1 faiz bölgüsü ilə götürdükdə Azərbaycan 100 min hərbçiyə sahib olduğu halda Ermənistan 29 min döyüşçüyə sahibdir.
Azərbaycanla Ermənistanın iqtisadi imkanları da xeyli dərəcədə fərqlənir. Ermənistanda illik məhsul istehsalı 13 milyard dollar, Azərbaycanın illik istehsal qabiliyyəti 48 milyard dollardır. Bundan başqa Ermənistanın dövlət büdcəsi 2,6 milyard dollar olduğu halda ölkəmizin dövlət büdcəsi 15 milyard dolları ötür.
Nəhayət, Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar təşkil edirsə, Ermənistan 2 milyard dollarlıq valyuta ehtiyatına sahibdir.
Sadalanan statistik məlumatlar göstərir ki, Azərbaycanın müharibəyə hazırlıq vəziyyəti Ermənistandan kəmiyyət və keyfiyyət baxımından xeyli dərəcədə yaxşıdır. Buna görə də Ermənistanın Azərbaycanla nəinki uzun müddət, hətta bir ay müharibə aparması bu ölkənin sadəcə hərbi sahədə deyil, həm də iqtisadi və sosial sahədə ciddi problemlər yaşamasına səbəb olacaq.
Vasif
Sfera.az