Azərbaycan televizor istehsal edəcək
"AG Telekom" Gürcüstan-Azərbaycan şirkəti televizor istehsalına başlayır. Anspress-in məlumatına görə, istehsala bu ilin aprelindən başlanılacaq.
Bu barədə şirkətin rəhbəri Mixail Qlonti məlumat verib. O bildirib ki, istehsal ediləcək televizorların qiyməti 180-280 dollar arasında dəyişəcək.
Qlonti, həmçinin onu da əlavə edib ki, televizorların böyük satış şəbəkələrində satılması gözlənilir.
"Gürcü televizorları xaricdən gətirilən məhsullardan ucuz olacaq. 32 düym televizorun qiyməti 180, 40 düym olanın qiyməti isə 280 dollar civarında hesablanıb", - deyə şirkət rəhbəri bildirdi.
Gələcəkdə şirkət Avropa bazarına da çıxmağı planlaşdırır.
"AG Telekom" 2013-cü ildə Rustavidə açılıb. Zavod hazırda rəqəmsal yayıma keçid üçün "set top box", LED lampaları, myvideo və başqa texnikalar üçün "TV Box" istehsalı ilə məşğul olur.