Azərbaycan təhsili pandemiya dövründə - Çatışan və çatışmayan tərəflər...

Azərbaycan təhsili pandemiya dövründə - Çatışan və çatışmayan tərəflər...
Artıq bir ildən çoxdur ki, pandemiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu ağır dönəm bir sıra sahələrə, o cümlədən təhsilə də təsirsiz ötüşməyib.  

Bəs, təhsil səviyyəsinin bərpası üçün Azərbaycanda hansı proqramlar hazırlanmalıdır? Təhsil sahəsinin hansı istiqamətində islahatların keçirilməsinə ehtiyac var?

Sfera.az saytı bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin fikirlərini öyrənib.

Millət vəkili Ceyhun Məmmədov saytımıza açıqlamasında xatırladıb ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da pandemiya təhsilin keyfiyyət göstəricilərinə təsirsiz ötüşməyib:


"Ötən il distant təhsil təşkil olundu və birmənalı olaraq deyə bilərik ki, bu təhsil forması ənənəvi təhsili əvəz edə bilmədi. Təhsilimizdə müəyyən mənada geriləmə yaşandı. Həmin reallığı nəzərə alaraq, bu ildən ənənəvi dərslərin bərpası gündəmə gəldi. Bildiyiniz kimi, bu ayın axırından artıq ənənəvi tədrisə qayıdırıq. Hesab edirəm ki, ötən il baş verən itkiləri aradan qaldırmaq üçün ciddi çalışmalıyıq. Əlavə dərslərin keçirilməsi, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində addımlar atmalıyıq.
 
Ümumiyyətlə, bu gün dünyada təhsillə bağlı ciddi proseslər gedir, yeni çağırışlar var, yeni tendensiyalar müşahidə olunur. Bu baxımdan hazırkı mərhələdə tədris-təhsil dünyada gedən proseslərə və reallıqlara uyğun qurulmalıdır. Elə etməliyik ki, ötən ildəki itkiləri bu il tələbə və şagirdlər bərpa edə bilsinlər, təhsilimizi gücləndirə bilək”.

Müsahibimizin sözlərinə görə, hər bir ölkənin inkişafı, onun güclü olması bilavasitə təhsillə bağlıdır:

"Bu reallığı nəzərə aldıqda, qarşımızda mühim missiyanın olduğunu deyə bilərik. Təhsil sistemimizi gücləndirməyə çalışmalıyıq. Elə sistem qurmalıyıq ki, tələbələr yüksək səviyyədə rəqabətə davamlı təhsil ala bilsinlər. İnanıram ki, Azərbaycan qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələ biləcək və təhsilimizin keyfiyyətini daha artıracağıq”.

Deputat Kamilə Əliyeva qeyd edib ki, pandemiya ən çox təhsil sahəsinə zərbə vurub:


"Düzdür, şagirdlər, tələbələr onlayn dərslərə qoşulurdular, amma bu heç də əyani təhsilin verdiyi keyfiyyəti əvəz etmədi. Lakin sevindirici haldır ki, sentyabr ayının 22-də artıq ibtidai siniflər, 29-dan isə 5-11-ci siniflər, o cümlədən tələbələr əyani təhsilə başlayacaqlar. Ümidvaram ki, həm müəllimlər, həm bütövlükdə təhsil işçilərimiz, şagird və tələbələrimiz, eləcə də valideynlərimiz üzərlərinə düşən məsuliyyəti dərk edərək, əyani təhsilə öz töhfələrini verəcəklər. Bütün sahələrdə olduğu kimi, ölkəmizdə də mütəmadi olaraq təhsil sahənsində islahatlar aparılır. Düşünürəm ki, Təhsil Nazirliyi, aidiyyatı qurumlar pandemiyanın təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün lazım gəldikcə müəyyən tədbirlər görəcək və bu istiqamətdə də islahatlar aparılacaq. Çünki təhsil bizim gələcəyimizdir və övladlarımızın parlaq gələcəyə sahib olmaları üçün dövlət tərəfindən bütün tədbirlər görülməkdədir”.

Digər müsahibimiz millət vəkili İsa Həbibbəylinin fikrincə, həm ali məktəb , həm də orta məktəb pilləsində tədris işinin təşkili və davam etdirilməsi təşkilatçılardan çox, yaranan epidemioloji vəziyyətdən asılıdır:


"Bu durum istər-istəməz operativ olaraq zəruri qərarların verilməsini tələb edir. Buna baxmayaraq, yaranmış şəraitdə maksimum imkanlardan istifadə edərək, önləyici tədbirlər görmək şərtilə canlı ünsiyyət əsasında qurulan təhsilə üstünlük verilməsini faydalı hesab edirəm. Müşahidələrimə əsasən, Təhsil Nazirliyi də bu istiqamətdə zəruri addımlar atır. Qurum epidemioloji vəziyyətlə əlaqədar olaraq, məktəblərin fəaliyyəti ilə bağlı hamısına eyni göstərişlər vermir. Konkret olaraq  həmin məktəbdəki epidemioloji vəziyyətdən çıxış edərək qərarlar qəbul olunub.
 
Eyni zamanda məktəblərdə bu vəziyyətin obyektiv qiymətləndirilməsi istiqamətində Təhsil Nazirliyi ilə əlaqə yaradılması baxımından monitorinq qruplarının yaradılmasını da faydalı hesab edirəm. Hər bir məktəbdəki real durum haqda Operativ Qərargah yəqin ki, məlumatlar verəcək və buna uyğun da qərarlar qəbul olunacaq. Bunlar nazirliyin apardığı səmərəli axtarışlardır, epidemioloji vəziyyətin diqtə etdiyi axtarışlardır. Bir növ epidemioloji şərait daxilində təhsil sahəsində keçirilən islahat yönümlü tədbirlərdir. Bu cür axtarışların mümkün qədər genişlənməyinin, ardıcıl olmağının tərəfdarıyam. Çünki təhsilin qızıl qaydası olan üz-üzə (ənənəvi) təhsilə şərait yaratmaq hamımızın borcudur”.

Deputat qeyd edib ki, yeni nəslin sağlamlığı da vacib olduğu üçün kəskin vəziyyət yaranarsa, onlayn rejimdə distant təhsilin keçirilməsini yalnız dəstəkləmək lazımdır:


"Belə hallarda distant təhsildən başqa alternativ yol yoxdur. Təhsil qanununa görə də, distant təhsil də tədrisin formalarından biridir.  Bundan başqa, distant təhsil keçə bilən müəllimlərin sayı zəruri şəraitə görə 10 dəfə artıb. Məlumdur ki, ucqar dağ kəndlərində, bəzi rayonlarda, hətta şəhərdə də bəzi ailələr texniki imkanlarını lazımi səviyyədə qura bilmir. Ona görə də mümkün qədər əyani təhsil olmalıdır. Distant təhsildə əldə olunan uğurlar, son göstəricilər onu göstərir ki, təhsilin keyfiyyəti başlanğıc dövr ilə müqayisədə qat-qat artıb. 
 
Azərbaycanda orta məktəblərin yarıdan çoxunda bir növbəli tədris təşkil olunur. Belə müəssisələrdə sinifləri iki yerə bölməklə, iki növbəli dərs qurmaqla canlı təhsili qaydaya salmaq asandır. Bununla ilboyu kənd rayonlarında distant təhsilə də ehtiyac olmaz – şagirdlərin sayı az, siniflərin sayı isə xeylidir. Dövlətin apardığı siyasət sayəsində Azərbaycanda məktəb tikintisi istiqamətində böyük irəliləyişlər əldə olunub.  Bütün bunlar millətimizin gələcəyi olan yeni nəslin daha keyfiyyətli təhsil alması üçün düşünülmüş yollardır və bu imkanlardan istifadə olunur. Mövcud proses ölkədə pandemiya şəraitində təhsilin təşkili haqqında bədbin düşünməyə əsas vermir, əksinə, gələcəyə nikbin baxmaq üçün kifayət qədər arqumentlər var”.

Günay Rəsulqızı


Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. 

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.
 

OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...