Azərbaycan sahibkarlarının Rusiya bazarlarına çıxışı asanlaşır- TƏŞƏKKÜRLƏR,CƏNAB PREZİDENT!

Azərbaycan sahibkarlarının Rusiya bazarlarına çıxışı asanlaşır- TƏŞƏKKÜRLƏR,CƏNAB PREZİDENT!
 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi,  "KDY Logistics"dəmiryol habının işə düşməsi, o cümlədən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin yaradılması ölkəmizdə fəaliyyət göstərən sahibkarların da xaricə, xüsusilə də Rusiya bazarına məhsul ixracını asanlaşdırıb. Belə ki, yerli fermerlər istehsal etdikləri məhsulları birbaşa Rusiya bazarına çıxarmaq imkanı əldə ediblər. Məsələn, elə bu günlərdə Türkiyədən 400 ton yüklə Bakı-Tbilisi-Qars dəmiryolu ilə hərəkət edən və  "Azərbaycan Dövlət  Dəmir Yolu" ilə birgə  "KDY Logistics" dəmiryol habına qoşulan vaqonlar vasitəsilə Azərbaycan sahibkarlarının istehsal etdikləri 160 ton xurma da Rusiyanın Həştərxan şəhərinə yola salınıb.

Qeyd edək ki, bu günlərdə Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Nümayəndə heyətini Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev dəmiryol habının yaradılmasını, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin açılmasını və Bakıda analoji mərkəzin yaradılması üçün tikinti işləri aparılmasını çox mühüm hadisə adlandırıb. Prezident bildirib ki, Həştərxanla Bakını bağlayan amillər çoxdur: "Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun". "KDY Logistics" şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, cənab prezidentlə görüş şirkətin daha geniş və əhatəli fəaliyyət göstərməsi üçün münbit şərait yaradıb. Belə ki, görüş zamanı şirkətin rəhbəri tərəfindən verilən təkliflər cənab prezident tərəfindən müsbət qarşılanıb və həmin təkliflərin həyata keçirilməsi üçün anındaca müvafiq qurumlara tapşırıq verilib. Qalib Məmmədov onu da xüsusilə qeyd edib ki, "KDY Logistics" şirkətin fəaliyyətində cənab prezidentə xüsusi xoş gələn məqam şirkətə Rusiyanın müxtəlif bazarlarına səpələnən və bir sıra adamlar tərəfindən sıxışdırılan soydaşlarımızın bu şirkətin ətrafına toplaşmasıdır.  Azərbaycan  prezidenti  İlham  Əliyevi ad  günü  münasibətilə  təbrik  edən və    Azərbaycan və  Azərbaycan insanı  naminə  gördüyü bütün  işlərdə  prezidentin  yanında  olduqlarını deyən  Qalib Məmmədov  sahibkarlar  adından  prezident  İlham  Əliyevə təşəkkürünü  bildirib."Azərbaycan Dövlət  Dəmir Yolu" İdarəsinə  isə göstərdikləri dəstəyə  görə  minnətdarlıq edib.

Xatırladaq ki, "KDY Logistics"  yüksək texnologiyanı, etibarlı yük daşınmasını birləşdirən müasir logistikanın bariz nümunəsidir. Bu gün şirkət beynəlxalq ticarətin inkişafında əsas yerlərdən birini tutur. "KDY Logistics" dəmir yolu sistemlərinin inkişafı dövrünün və Qərblə Şərqi birləşdirən yolun böyük bir hissəsidir.

Belə ki, idxal olunan məhsullar şirkətin Həştərxan vilayətində yaradılmış saxlanma kameralarında saxlanılır və müvafiq qurumların həmin məhsullara keyfiyyət və ünvana çatdırılma proseduruna operativ  nəzarətindən sonra nəzərdə tutulmuş yerlərə daşınır. Qeyd edək ki, Xəzəryanı ölkələr, Orta Asiya respublikaları, Gürcüstan, Türkiyə, İran və İraqın da daxil olduğu bu şəbəkəyə Azərbaycan da qoşulub. Ötən ildən etibarən Azərbaycanın məhsulları da dəmir yolu vasitəsilə həmin ünvana çatdırılır. Azərbaycanın göndərdiyi məhsullar sırasında daha çox kənd  təsərrüfatı məhsulları üstünlük təşkil edir. Məlumata  görə bir çox  ölkələrin iş adamlarının  əlaqəsini  dəfələrlə asanlaşdıran və məhsulların  tranzitdən  fərqli  olaraq  rahat və  tez  daşınmasını  təmin  edən  bu  layihə vasitəsilə  tikinti  materialları  da  daşınır. Ehtiyacı  olan  ölkələrə  isə  Rusiyadan  gətirilmiş arpa  və  buğda toxumları  göndərilir. Başqa sözlə, şəbəkəyə daxil olan ölkələrdən olan iş adamları asan və rahat yolla mal və məhsul mübadiləsini həyata keçirə bilirlər. Onu da qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin daha  çox  ölkəni əhatə etməsinin həyata keçirilməsi üzərində iş gedir. Məqsəd sözügedən layihənin coğrafiyasının daha da  genişləndirilməsidir. Belə  ki Əfqanıstan, Pakistan, Qazaxıstan və Qırğızıstanın, o cümlədən  Çinin  bu  böyük  iqtisadi  xəritəyə  daxil  edilməsi gözlənilir. İqtisadi ekspertlər hesab edirlər ki, meyvə-tərəvəzin Həştərxana 4-5 günə çatdırılması "Bakı-Tbilisi-Qars" xəttinin vizit kartı və Azərbaycanın, o cümlədən ölkənin dəmir yollarının brendidir.

 
 


OXŞAR XƏBƏRLƏR