Azərbaycan “qırmızı qızılı”na yeni bazarlar axtarır: Avropanın ağır tələblərinə hazırıqmı?

Azərbaycan “qırmızı qızılı”na yeni bazarlar axtarır: Avropanın ağır tələblərinə hazırıqmı?
Rusiya cənub bölgələrində pomidor istehsalını artırmağı planlaşdırır. Bu məqsədlə regiona pomidor istehsalı üçün böyük məbləğdə sərmayə qoyulur. Proqnozlara əsasən yaxın yaradılacaq istixanaların hesabına Rusiya yaxın illərdə pomidor idxalını azaldacaq.

Rusiyanın pomidor idxalını tədricən azaltması ilk növbədə Azərbaycanın pomidor ixracına mənfi təsir göstərəcək. Çünki hər il ölkəmizdən şimal qonşumuzun bazarlarına böyük miqdarda pomidor ixrac edilir. 2020-ci ildə Rusiyaya 201 milyon 353 min dollar dəyərində 187,539 min ton pomidor ixrac olunub. Bu qədər məhsulun 98 faizi Rusiyaya satılıb.

Əgər proqnozlar özünü doğruldarsa, gələcəkdə Azərbayandan Rusiyaya pomidor ixracı azalacaq. Buna görə də hazırda tövsiyə edilən əsas məsələ pomidor ixracının ölkələr üzrə şaxələndirilməsidir. Rusiyadan kənar əsas bazar kimi Avropa bazarları göstərilir. Təxmini hesablamalara görə Azərbaycan Avropa ölkələrinin sayəsində pomidor ixracını 2-3 dəfə artıra bilər.
 

 
"Avropaya qida məhsullarının ixracı ilə bağlı tələblər ağırdır. Burada tələblər Rusiya ilə müqayisədə çox ağırdır. Avropa ölkələri ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsula üstünlük verirlər”.

Bu fikirləri pomidor ixracının şaxələndirilməsi ilə bağlı Sfera.az-ın suallarını cavablandıran Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirdi. 

S.Rəhmanov hesab edir ki, Azərbaycan nəinki Avropa, həm də ərəb ölkələri və başqa yaxın ölkələrə kənd təsərrüfatı məhsulları satmaq imkanına sahibdir. O xatırlatdı ki, Azərbaycanın istehsal etdiyi pomidor və digər kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən təmizdir və tələblərə uyğunlaşmaqla ixracı şaxələndirə bilər:

"Bütün normal ölkələrin qida məhsulları ilə bağlı standartları var. Bu standartlara cavab verməyən məhsulu öz ölkəsinə buraxmır. Azərbaycan məhsullarını o standartlara uyğun istehsal etməlidir. Əgər bu standartlara cavab verən məhsullar istehsal edilməsə, digər ölkələrə ixracı artıra bilmərik.

Elə ölkələr var ki, məhsul istehsalı ilə bağlı bütün mərhələlərə dair sənəd tələb edir. Məsələn, bitkiyə vurulan dərmanların hər biri ilə bağlı ayrıca norma var. Həmin normaya uyğun miqdarda dərman vurulmasına dair sənəd olmalıdır.

Avropada bu tələblər daha ağırdır. Onlar məhsul istehsal edilən torpağın, istifadə edilən suyun analizini istəyir. Analizlər müstəqil şirkətlər tərəfindən aparılmalıdır. Bu cür analizlərin aparılması baha başa gəlir, çünki analizlər Azərbaycanda deyil, Avropada verilməlidir. Əksər hallarda tələblərə Azərbaycan fermeri uyğunlaşa bilmir. Avropaya məhsul göndərməmişdən öncə bütün analizlər göndərilməlidir, sertifikat alınmalıdır, sonra ixrac həyata keçirilməlidir.

Rusiya bazarında Azərbayan pomidoru artıq tanınıb. Biləndə ki, məhsul Azərbaycandan gətirilib onu tərəddüd etmədən alırlar. Buna görə də Azərbaycanda istehsalçı məhsulunu yığan kimi Rusiyaya göndərir. Avropaya belə tez məhsul göndərmək mümkün deyil. Hökmən ciddi analiz və sertifikat olmalıdır”.

S.Rəhmanov qeyd etdi ki, Azərbaycan Avropa İttifaqının tələblərinə uyğunlaşarsa, bu birliyin güzəşt sistemindən faydalana bilər.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR