Azərbaycan kənd təsərrüfatı mallarının ixracını artırır

Azərbaycan kənd təsərrüfatı mallarının ixracını artırır
2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan 526,7 milyon dollar dəyərində kənd təsərrüfatı malları ixrac edib. İxracın dəyəri ötən ilin ilk 8 ayı ilə müqayisədə 59,4 milyon dollar və ya 12,7 faiz artıb. 

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ixracdakı artım daha çox meyvə və pambıq mahlıcının ixracındakı böyük artımın hesabına təmin edilib. Bu il meyvə ixracının dəyəri 12,1 faiz artaraq 182 milyon dollara çatıb. Ötən il 162,4 milyon dollarlıq meyvə satılmışdı. 

2021-ci ildə meyvə ixracı miqdar ifadəsində daha çox artıb. Ötən ilin yanvar-avqustunda 111,3 min ton meyvə satan ölkəmiz bu ilin eyni dövründə 159,3 min ton meyvə satıb ki, bu da 43,1 faiz artımdır. Müqayisə göstərir ki, meyvənin orta qiyməti cari dövrdə enib. 
 
Pambıq mahlıcının ixrac dəyəri isə 87,7 faiz artaraq 143,8 milyon dollara yüksəlib. Bu il pambığın satış miqdarı da artıb. Ötən ilə nisbətən 36,3 min ton çox pambıq satılıb ki, bununla da miqdar ifadəsində ixrac 65 faiz artıb. Göründüyü kimi, bu il həm satılan pambığın miqdarı, həm də dəyəri artıb. 

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracında böyük paya sahib olan tərəvəzin ixracında azalma qeydə alınıb. İlin əvvəlindən tərəvəz məhsullarının həm ixrac miqdarı, həm ixrac dəyəri azalır. Azalmanın yeganə səbəbi isə pomidor ixracının azalmasıdır. Tərəvəz ixracının dəyəri 182,7 milyon dollar olub. Ötən ilə nisbətən ixrac dəyəri 14,6 faiz (31,2 milyon dollar) azalıb. İxrac miqdarında azalma 10,3 faiz təşkil edib və 261,7 min tondan 234,7 min tona düşüb. 

İxrac edilən tərəvəz məhsulları arasında əsas paya pomidor sahibdir. Cəmi ixracın 70 faizindən çoxu pomidor ixracından ibarətdir. Ötən il ixrac edilən tərəvəz məhsulları arasında pomidorun payı 78 faiz idi.Bu il pomidor ixracının dəyər ifadəsində 23,2 faiz azalması tərəvəz ixracının azalmasına səbəb olub. Pomidor ixracına dair göstəricilər nəzərə alınmasa, cari dövrdə tərəvəz məhsullarının ixracı artıb. Pomidor nəzərə alınmadıqda tərəvəz ixracının dəyəri 54 milyon dollardan artıq olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16 faiz artım deməkdir. 
 
Ümumilikdə, meyvə, tərəvəz və pambıq kənd təsərrüfatı məhsullarının ixracında 96 faizdən çox paya sahib olub. İxracdakı digər hissə gön-dəri (7,9 milyon dollar), tütün xammalı (4,6 milyon dollar) və heyvandarlıq məhsullarından (2,7 milyon dollar) ibarətdir. Bu il tütün xammalı istisna olmaqla digər məhsulların da ixrac dəyərində artım var. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR