Azərbaycan-İran sərhədində silahlı atışma – Ölən var

Azərbaycan-İran sərhədində silahlı atışma – Ölən var
 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sfera.az DSX-yə istinadən xəbər verir ki, 2019-cu ilin 03 noyabr tarixində saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucusu əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstərib.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd "Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli "Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR