Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurdu

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurdu
"Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edərək bildirib ki, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehal olunub:

"Bu əvvəlki ilin eyni dövrüilə müqayisədə 2,1 faiz artım deməkdir. Bu ilin ilk yarısında iqtisadi artım qeyri-neft sektoru hesabına baş verib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb. 

Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır.  Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir”.
V.Bayramov həmçinin qeyd edib ki, vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz:

"Bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR