Azərbaycan insanının xəyallarını gerçəkliyə çevirən fateh sərkərdə
20:21 / 09.11.2020
2752
Bu gün xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli ordumuz Azərbaycanın mənəvi paytaxtı, mirvarisi hesab edilən qədim Şuşa şəhərini mənfur düşməndən azad etməklə qızıl hərflərlə şanlı bir tarix yazmış oldu. Artıq Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı Şuşada dalğalanır. Azərbaycan xalqının sevincini söz ifadə etməkdə belə acizdir. Belə bir sevincli günü, qələbəni dünya azərbaycanlılarına, Türk dünyasına yaşadan Qarabağın fateh sərkərdəsi İlham Əliyevə minnətdardır.
Bəli, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün hədəflərinə nail olmaqdadır. Azərbaycan xalqının bütün problemləri həll olunur , arzuları gerçəkləşir.
Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə- siyasi, iqtisadi, diplomatiya, ordu, beynəlxalq müstəvidə ciddi uğurlara və qələbələrə imza atmaqdadır.
Hələ 2003-cü ildə Ulu öndər Heydər Əliyev prezident seçkiləri zamanı öz siyasi varisini müəyyənləşdirərək İlham Əliyevin namizədliyini irəli sürərkən Azərbaycan xalqına etdiyi müraciətə diqqət yetirmək kifayətdir. Ulu öndər Heydər Əliyev deyib: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Elə də oldu. Cənab Prezident İlham Əliyev 17 ildə Ulu öndərin əsasını qoyduğu siyasi kursu uğurla icra edərək , Ulu öndərin axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, problemlərini həll etməkdədir. Dünya buna şahidlik etməkdədir.
Hələ zamanında Ulu öndər deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Onun layiqli varisi cənab İlham Əliyev Azərbaycanın qarşısında duran taleyüklü məsələləri yaxşı bildiyindən ilk növbədə ölkənin iqtisadiyyatını inkişaf etdirmək üçün ciddi uğurlu layihələri həyata keçirməyə başladı. Cənab Prezident müasir dünyanın qlobal çağırışlarına çevik reaksiya verərək, Azərbaycanın potensialından məharətlə istifadə edib meqalayihələr həyata keçirməklə ölkəmiz qısa zamanda bölgənin enerji, kommunikasiya, tranzit-yükdaşıma, logistika qovşağına çevrildi. Nəticədə Azərbaycan dünyanın etibarlı tərəfdaşına çevrilməklə, nüfuzlu ölkələrindən birinə çevrilmiş oldu.
Bu layihələrin əsas hədəfi təkcə Azərbaycanın iqtisadi gücünü artırmaq yox, eyni zamanda təhlükəsizliyini, iqtisadi suverenliyini təmin etmək, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməklə, ölkəmizin qarşısında duran bir nömrəli Qarabağ probleminin həllinə nail olmaq istiqamətində atılan addımlar idi. Çünki Ali Baş Komandan yaxşı bilirdi ki, təkcə iqtisadi güclə məsələ həll olunmur. Bunun üçün Azərbaycanın güclü orduya və beynəlxalq dəstəyə ehtiyacı var. Ona görə də Prezident Azərbaycanın qarşısında duran məsələlərə kompleks yanaşıb, fəaliyyətini bu istiqamətdə qururdu.
Azərbaycan öz iqtisadi potensialını gücləndirdikcə ordu quruculuğu ilə yanaşı, xarici siyasətin əsas prioriteti kimi beynəlxalq müstəvidə Azərbycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb, işğalçı erməni yalanlarını ifşa etmək oldu. Konkret hədəflərə xidmət edən xarici siyasət kursu çox keçmədi öz bəhrəsini verdi. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda beynəlxalq diplomatik müstəvidə də dünyanın nüfuzlu ölkələrindən birinə çevrildi. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, daha sonra digər beynəlxalq və regional təşkilatlara rəhbərlik etməklə özünə etibarlı tərəfdaşlar qazandı. Azərbaycan hazırda dünyanın BMT-dən son ən böyük təşkilatı olan Qoşulamama Hərəkatına sədrlik edir. Bu siyasətin əsas hədəflərindən biri məhz Azərbaycanın bir nömrəli problem olan Ermənistan-Azərbaycan münaqişəsini həll edib, ərazi bütövlüyünü təmin etməkdən ibarət idi. Cənab Prezidentin beynəlxalq müstəvidə yürütdüyü siyasət və əldə etdiyi uğurları Azərbaycanın Qarabağ münaqişəsinin həllinə hərtərəfli zəmin yaradırdı.
Bütün bunlarla palel olaraq ordu quruculuğu da hərtərəfli inkişaf etdirildi.
Cənab Prezident güclü iqtisadiyyat-güclü ordu prinsipinə əsaslanaraq fəaliyyət göstərirdi. Bu məqsədə nail olmaq üçün ordu ən müasir dövrün tələblərinə uyğun formalaşdırılır, ən müasir silah-sursat, hərbi texnika ilə təchiz olunurdu. Bununla bərabər Azərbaycanın hərbi sənaye kompleksi yaradıldı və qısa zamanda inkişaf etdirildi. Bu fəaliyyətin nəticəsi olaraq Azərbaycan ordusu nəinki regionda, dünyanın ən güclü 50 ordusundan biri oldu.
Güclü iqtisadiyyat, güclü ordu və ciddi beynəlxalq dəstək olmadan Ermənistan-Azərbaycan münaqişəsini həll etmək qeyri-mümkün idi. Çünki Azərbaycan təkcə işğalçı Ermənistanla deyil, onun havadarları ilə də vuruşur. Axı, işğalçı Ermənistan Azərbaycan zəif olduğu bir zamanda havadarlarının birbaşa dəstəyi ilə torpaqlarımızı işğal edərək, bu işğal siyasətini möhkəmləndirirdi. Məhz bu məqsədyönlü, uzaqgörən, müdrik, məharətli, cəsarətli, qətiyyətli siyasəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllində vəziyyət Azərbaycan xeyrinə dəyişməyə nail oldu.
Dünya birliyi Azərbaycanın haqq olduğunu dərk etdi və birmənalı şəkildə mövqeyini dəstəklədi. Bu müdrik siyasət nəticəsində işğalçı Ermənistanın havadarları belə çıxılmaz duruma düşərək Azərbaycanla hesablaşmalı oldular. Bu yol elə asan başa gəlmədi. Bu müddət ərzində cənab Prezidentə qarşı ən müxtəlif formada təzyiqlər oldu ki, tutduğu yoldan çəkinsin. Ən müxtəlif təxribatlara əl atıldı. Hətta təxribat törədib, ölkə daxilində çaxnaşma törətməyə çalışdılar. Amma cənab Prezidentin qətiyyəti nəticəsində bu təxribatların qarşısı alındı.
Baxmayaraq cənab Prezident indiyədək dəfələrlə bəyan etdi ki, Azərbaycan heç bir zaman işğal faktı ilə barışmayacaq və istənilən alternativlərdən istifadə etməklə işğal faktına son qoyulacaq. Lakin nə təcavüzkar Ermənistan, nə də onun havadarları Azərbaycanın bu bəyanatlarını ciddiyə almadılar. Amma bu sıradan bəyanatlar deyildi. Ali Baş Komandan bilirdi ki, artıq Azərbaycan ordusu qarşıya qoyulan hədəfə nail olmağa hazırdır. Digər tərəfdən də beynəlxalq müstəvidə vəziyyət Azərbaycanın xeyrinə dəyişib. Lazımi məqamı gözlədi.
Və o lazımi məqam yetişən anda Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan ordusu azğın düşməni sülhə məcburetmə məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Həyata keçirilən sülhə məcburetmə əməliyyatları nəticəsində qəhrəman Azərbaycan ordusu təkcə Azərbaycan hərb tarixinə deyil, eyni zamanda müasir hərb tarixinə qıızl hərflərlə qəhrəmanlıq salnaməsi yazdı. Bunu xarici ölkələrin hərbi ekspertləri də etiraf etməkdədir.
Azərbaycan ordusu şücaəti nəticəsində qısa zamanda 5 şəhər və 200-dən artıq kənd və qəsəbəni azad edildi.
Ulu öndərin dediyi kimi artıq cənab Prezidentin uzaqgörən, müdrik, qətiyyətli, cəsarətli siyasəti nəticəsində Azərbaycan qarşısında duran məsələlər bir-bir həll olunmaqdadır. Qəhrəman Azərbaycan ordusunun ərazi bütövlüyünün təmin olunması istiqamətindəki əks-hücum əməliyyatı davam edir və xilaskar fateh Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında işğal altında inləyən Laçın, Kəlbəcər, Xocalı, Ağdərə, Xocavənd rayonları da Şuşa, Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı kimi qısa zamanda azad olunacaq, bayrağımız bütün Qarabağ səmalarında dalğalanacaq!
Azərbaycan bir daha dünyaya məğrurluğunu, qəhrəman bir xalq olduğunu sübut etdi. Cənab Ali Baş Komandanın uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan dünyadakı nüfuzu və mövqeyi daha da möhkəmlənmiş oldu. Bizlərə belə bir şərəfli tarixi anları yaşadan Ali Baş Komandana və qəhrəman Azərbaycan ordusuna eşq olzun!
Milli Məclisin deputatı Ülvi Quliyev