Azərbaycan İƏT-in önəmli üzvünə çevrilir
15:19 / 05.03.2021
974
Martın
4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısı
keçirilib. Sfera.az bildirir ki, Azərbaycan İƏT-ə üzv dövlətlərlə münasibətlərinə
böyük əhəmiyyət verir. Ölkəmiz 1992-ci il noyabrın 28-də quruma üzv olub. Azərbaycanla bərabər daha 6
ölkə - Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan
İƏT-ə qoşulmuş və hazırda təşkilatın 10 üzv ölkəsi var.
İƏT-in məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi
inkişafını təmin etməkdir. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən
Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan təşkilat, 1985-ci ildə İƏT
olaraq yenidən qurulub.
Təşkilatın Baş katibi Hadi Süleymanpurdur (İran). Təşkilatın
Katibliyi Tehranda yerləşir.
Qurumun Tədqiqat Mərkəzi Azərbaycanda yerləşir. İqtisadi Tədqiqat Mərkəzinin
Azərbaycanda təsis edilməsi fikrini Azərbaycanın ümummilli lideri Heydər Əliyev
ilk dəfə 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət
başçılarının VII Zirvə Görüşündə irəli sürmüş və vacibliyini qeyd etdib.
Mərkəzin təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən İƏT-in
2006-cı ildə Bakıda keçirilən IX Zirvə görüşündə təkrar irəli sürülüb və bu təklif "Bakı
Deklarasiyası-2006” adlı sənəddə öz əksini tapıb.
Mərkəzin Nizamnaməsi 2013-cü ildə təsdiq edilib. Həmin vaxt Mərkəzin
tamhüquqlu fəaliyyət göstərməsi üçün sənədin Azərbaycan Hökuməti və/və ya digər
3 üzv ölkənin qanunvericiliyinə uyğun olaraq, təsdiq edilməsi tövsiyə olunub.
İƏT Tədqiqat Mərkəzi İƏT-in ixtisaslaşmış agentliyi kimi hüquqi şəxs
statusuna malikdir. Mərkəzin
məqsədi tədqiqata əsaslanmış özülün üzərində regional əməkdaşlığın yaradılması
üçün İƏT-ə və onun üzvlərinə yardım etməkdir.
Bu məqsədin həyata keçirilməsi
üçün müxtəlif iqtisadi layihələrin, iqtisadi və ekonometrik modellərin,
analitik alətlərin, iqtisadi və makroiqtisadi siyasət məsləhətlərinin, həmçinin,
təsirin qiymətləndirmə meyarlarının təmin edilməsidir.
Vasif