Azərbaycan hökumətinin “B” planı: Böhran dönəminin variantında nələr var?

Azərbaycan hökumətinin “B” planı: Böhran dönəminin variantında nələr var?

Azərbaycan hökuməti və Mərkəzi Bankı neftin aşağı qiymətlərinə uyğun xüsusi planlara sahibdir. Bununla bağlı məlumatı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlayıb. Onun sözlərinə görə, aşağı neft qiymətlərinə qarşı ölkəmizin kifayət qədər imkanı var və həm hökumətin, həm də Mərkəzi Bankın "B" planı mövcuddur. "Bu "B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb”, - deyən Mərkəzi Bank rəhbəri qeyd edib ki, hökumət və onlar faktiki olaraq bu planla fəaliyyət göstərir.

Bəs, hökumətin "B” planı nədir və yeni şəraitə uyğun olaraq hansı xüsusi tədbirlər görülə bilər?

Barəsində söhbət açılan plan özündə həm icmal və dövlət büdcəsinin yeni şəraitə uyğun idarə edilməsini, həm də tədiyə balansının tarazlaşdırılması üçün zəruri tədbirləri nəzərdə tutur. İlk növbədə onu qeyd edək ki, Azərbaycanda hər il icmal və dövlət büdcəsinin layihələri hazırlanan zaman 3 ehtimal nəzərə alınır. Həmin ehtimallara uyğun olaraq 3 fərqli variantda -optimist, orta və pessimist proqnozlar əsasında dövlətin gəlir və xərcləri müəyyənləşdirilir.

İcmal və dövlət büdcəsinin Milli Məclis tərəfindən qəbul olunan variantı orta proqnoz göstəricilərinə əsaslanıb. Həmin proqnoza əsasən neftin orta illik qiyməti 55 dollardan götürülüb. Bu halda icmal və dövlət büdcəsində kəsir olacaq, amma Dövlət Neft Fondunun büdcəsində gəsir olmayacaq, əksini yığımlarda artım olacaq. Orta proqnoz göstəricisində neftin illik qiymətinin 45 dollara qədər enməsi də nəzərə alınıb.

Neftin hazırda mövcud olan qiymətləri isə Azərbaycan üçün proqnozlaşdırılan ən əlverişsiz qiymətlərdir. Bu qiymətlər uzun müddət qalacağı təqdirdə ölkəmizin maliyyə vəziyyətində, o cümlədən icmal büdcəmizdə ciddi problemlər yaradacaq. Pessimist proqnozlar əsasında hazırlanan planda icmal və dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrasında neftin indiki qiymətləri nəzərə alınıb.

Neftin qiymətlərinin 30-35 dollar olması ehtimalına uyğun olaraq dövlət büdcəsinin gəlirləri cüzi, icmal büdcənin gəlirləri isə kəskin azalacaq. Pessimist variantda dövlət büdcəsinin gəlirləri əsasən təmin ediləcək. Çünki gəlirlərin 55 faizi Neft Fondundan transfert ediləcək. Amma pessimist variantda transfertin bir hissəsi Fondun əvvəlki illərdə yığılan aktivləri hesabına təmin ediləcək. Bununla büdcənin gəlirləri tam təmin ediləcək, amma Neft Fondunun vasitəsilə icmal büdcənin gəlirləri kəskin azalacaq. 2020-ci ildə neftin orta illik qiyməti 55 dollar olacağı təqdirdə Neft Fondunun satışdan əldə edəcəyi gəliri 6,213 milyard dollar olmalıdır. Neftin orta illik qiyməti 35 dollar olacağı təqdirdə Fondun satışlardan gəliri ən yaxşı halda 3,9 milyard dollar təşkil etməlidir. Bunun üzərinə təxminən 1 milyard dollarlıq digər gəlirləri də əlavə etsək ən pis variantda Fond 4,8-4,9 milyard dollar qazanacaq. Təsdiq olunan büdcə layihəsinə əsasən Neft Fondunun xərcləri 6,82 milyard dollar olmalıdır. Buradan görünür ki, Neft Fondu büdcəsini icra etmək üçün öz aktivlərindən 1,9-2 milyard dollar vəsait götürməlidir. Bu qədər vəsait indiki məzənnə ilə 3,4 milyard manatdır.

Yaxın keşmişdə Neft Fondunun aktivlərindən istifadə təcrübəsi var. 2015-ci ildə baş verən iki böyük devalvasiya ilə əlaqədar Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliyini icra etmək, eyni zamanda makroiqtisadi sabitliyi təmin etmək məqsədilə Fondun aktivlərindən təxminən 3 milyard dollar götürüldü. Belə bir təcrübədən yenidən istifadə mümkündür. "B” planında bu nəzərə alınıb.

Pessimist variantda büdcə xərclərin də azaldılması baş verəcək. Neft qiymətlərinin 45-55 dollar səviyyəsinə uyğun hazırlanan büdcənin xərclərini qiymətlər 30-35 dollar olduqda icra etmək iqtisadi baxımdan səmərəli deyil. Buna görə də yeni şəraitdə dövlət büdcəsinin xərclərinin ən azı 10-15 faiz azaldılması baş verə bilər. Proqnozda dövlət büdcəsindən 26,9 milyard manat xərclənməsi nəzərdə tutulub. İcmal büdcədə daha böyük kəsirin yaranmaması üçün xərclərin təxminən Neft Fondunun aktivlərindən götürülən qədər, yəni 3,5 milyard manat azaldılması mümkündür. Bu məqsədlə tikinti xərclərinin, digər əsaslı vəsait qoyuluşu xərclərinin, eyni zamanda bəzi cari xərclərin azaldılması mümkündür. Cari xərclərdən biri kimi büdcədə əmək haqlarında nəzərdə tutulan artımın təxirə salınması mümkündür.

Hökumətin "B” planına uyğun olaraq tədiyə balansında tarazlığın təmin edilməsinə də xüsusi diqqət ayrılacaq. Gözləntilərə görə neftin qiyməti 42-45 dollar intervalında tədiyə balansında kəsir yaranacaq. Neft qiymətinin 35 dollar olacağı təqdirdə tədiyə balansında kəsir böyüyəcək. Hökumət kəsiri azltmaq məqsədilə hökmən idxalın azaldılması üçün sərt tədbirlər görə bilər. Bu məqsədlə bəzi idxal malları üzrə vergi və rüsumların artırılması, həmçinin qadağanedici tədbirlərin görülməsi mümkündür. 2019-cu ildə ölkəmizə 1,05 milyard dollar dəyərində qara metallar və onlardan hazırlanan məmulatlar, 1,023 milyard dollarlıq elektirk maşınları idxal edib. Bu məhsul qrupları üzrə vergilərin və rüsumların artırılarsa idxalı azalar. Bundan başqa ötən il avtomobil idxalına 927 milyon dollar xərclənib. Avtomobil idxalının azaldılması məqsədilə daha sərt tədbirlərin görülməsi səmərəli ola bilər. Bir müddət öncə Dövlət Gömrük Komitəsi istehsal tarixindən 7 il ötən avtomobillərin idxalına qadağanın tətbiq edilməsini təklif edib. Bu təklif qəbul edilərsə avtomobil idxalına çəkilən xərcin 2 dəfə azalması imkanı var. Ötən il Azərbaycan 830 milyon dollar həcmində neft məhsulları, əsasən də avtomobil yanacağı alıb. Neftin ucuzlaşması həmin məhsulların dəyərinin xeyli aşağı düşməsinə səbəb olacaq.

"B” planında digər tədbir kimi tələbin, yəni alıcılıq qabiliyyətinin azaldılması istiqamətində tədbirlər gücləndirilməsi realdır. Belə vəziyyətdə iqtisadiyyatda aktivliyin olması zərərlidir. Aktivliyi azaltmaq üçün yenidən sərt maliyyə siyasəti yürüdülə bilər. Bu siyasətə uyğun olaraq kredit qoyuluşu azaldılır, istehlak kreditlərinin verilməsi dayandırılır, manatla olan əmanətlərin faizləri artırılır. Bu tədbirlər ona gətirib çıxarır ki, iqtisadiyyatın alıcılıq qabiliyyəti zəifləyir, manatla yığımlar stimullaşdırılır.

Daxili tələbi zəiflətmək məqsədilə inflyasiyanın səviyyəsinin artırılması da istisna deyil. Dövlət tərəfindən qiymətləri tənzimlənən bəzi əmtəə və xidmətlərin qiymətinin müəyyən qədər artırılması istisna deyil. Burada məqsəd əhalinin gündəlik xərclərinin artıırlması və yığım imkanlarının zəiflədilməsidir.

Hər halda zaman hansı tədbirlərin görmək məcburiyyətində qalacağına aydınlıq gətirəcək. Ümid edək ki, hökumət daha ağır qərarlar qəbul etmək məcburiyyətində qalmaz.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...