\"Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var\"
Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı xalqımızın ümummilli lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi. Başqa istiqamətlərdə olduğu kimi, hərbi təhsil sahəsində də uğurlu islahatlar həyata keçirildi. Atılan inamlı addımlar, göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olması faktını dönə-dönə vurğulamalıyıq. Dahi şəxsiyyətin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı.
Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının xidmət etdiyi ordu, məhz ümummilli liderimiz Heydər Əliyev kimi böyük bir sərkərdənin əsəridir. Ulu Öndərin arzularının və məqsədlərinin məhsuludur. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Və ordumuz öz qüdrətini bir daha 2016ci il aprel döyüşlərində sübut etdi.
Bölünməz ordumuz aprel ayının əvvəllərində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.
Əminəm ki, ordumuz bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaqdır. Silahlı Qüvvələrimiz 102-ci ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır.
Cənab İlham Əliyevin dediyi kimi "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var".
Nəsimi rayon gənci
Hüseynova Zeynəb Müşfiq qızı