Azərbaycan gələn ildən Avro-5 standartına cavab verən yanacaq istehsal edəcək
15:49 / 16.09.2021
751
"Gələn
ildən Azərbaycan Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ildən
isə Aİ-92 markalı benzin istehsal etməyə başlayacaq”.
Bu
sözləri Sfera.az-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev
deyib:
"Hazırda
H. Əliyev adına Neft Emalı Zavodunda iki mərhələli modernləşdirmə və yenidənqurma
işləri aparılır. Qarşıdakı illərdə avro-5 standartlarına cavab verən yanacaq
növlərinin emal edilməsi nəzərdə tutulur. Yenidənqurma işlərindən sonra isə
zavodun emal gücü artırılacaq. Hazırda zavodun illik emal gücü 6,5 milyon
tondursa, modernləşdirmədən sonra 7,6 milyon tona çatacaq. Belədə müqavilələrin
şərtləri yerinə yetirilərsə, gələn ildən ölkə avro-5 standartına cavab verən
dizel yanacağı, 2023-cü ildən isə Aİ-92 markalı benzin istehsal etməyə
başlayacaq. Bu isə Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək və
idxaldan asılılığını xeyli azaldacaq”.
Həmsöhbətimiz
qeyd edir ki, ola bilsin paralel olaraq Aİ-95 markalı benzin istehsalı da
mümkün olsun. Ekspert Aİ-98 benzinin yerli istehsalına isə hələlik ehtiyac
olmadığı qənaətindədir: "Aİ-98 markalı benzin istehsalı hələlik nəzərdə
tutulmur. Aİ-98 markalı benzinə ölkədə tələbat ən yaxşı halda 1200 tona qədərdir.
Amma Aİ-95 markalı benzinə tələbat çoxdur. Keçən il kənardan 97 min ton Aİ-95
markalı benzin idxal edilib. Cari ilin 8 ayı ərzində bu göstərici 85 min tondan
çoxdur. Onu da əsasən Rusiya və Rumıniyadan alırıq”.