Azərbaycan gələn ildən Avro-5 standartına cavab verən yanacaq istehsal edəcək

Azərbaycan gələn ildən Avro-5 standartına cavab verən yanacaq istehsal edəcək
"Gələn ildən Azərbaycan Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ildən isə Aİ-92 markalı benzin istehsal etməyə başlayacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib:
 
"Hazırda H. Əliyev adına Neft Emalı Zavodunda iki mərhələli modernləşdirmə və yenidənqurma işləri aparılır. Qarşıdakı illərdə avro-5 standartlarına cavab verən yanacaq növlərinin emal edilməsi nəzərdə tutulur. Yenidənqurma işlərindən sonra isə zavodun emal gücü artırılacaq. Hazırda zavodun illik emal gücü 6,5 milyon tondursa, modernləşdirmədən sonra 7,6 milyon tona çatacaq. Belədə müqavilələrin şərtləri yerinə yetirilərsə, gələn ildən ölkə avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ildən isə Aİ-92 markalı benzin istehsal etməyə başlayacaq. Bu isə Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək və idxaldan asılılığını xeyli azaldacaq”.
 
Həmsöhbətimiz qeyd edir ki, ola bilsin paralel olaraq Aİ-95 markalı benzin istehsalı da mümkün olsun. Ekspert Aİ-98 benzinin yerli istehsalına isə hələlik ehtiyac olmadığı qənaətindədir: "Aİ-98 markalı benzin istehsalı hələlik nəzərdə tutulmur. Aİ-98 markalı benzinə ölkədə tələbat ən yaxşı halda 1200 tona qədərdir. Amma Aİ-95 markalı benzinə tələbat çoxdur. Keçən il kənardan 97 min ton Aİ-95 markalı benzin idxal edilib. Cari ilin 8 ayı ərzində bu göstərici 85 min tondan çoxdur. Onu da əsasən Rusiya və Rumıniyadan alırıq”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR