Azərbaycan Ermənistanı qazla təmin edəcək – “Bunu Bakıdan Moskva xahiş edib”
15:26 / 17.03.2021
5666
Azərbaycan Dövlət Neft Şirkəti və "Qazprom”
şirkəti martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.
Müqaviləyə görə, Rusiya "Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində
planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində
Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir
ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən
nəql ediləcək.
Sfera.az xəbər verir ki, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistana Azərbaycan üzərindən tranzit
qaz nəqlini Bakıdan Moskva xahiş edib:
"Görünür, Bakı Moskvaya "yox” cavabının mənfi
nəticələrini hesabladığından Emənistana müvəqqəti qaz nəql etməyə qərar
verilib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə
haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi
qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki,
müharibədə qələbə çalan Azərbaycanın məğlub və "Artsax” ideyasından hələ vaz
keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir.
Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana
və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzinə işğalla və
soyqırımlarla üzləşib. Ona qalsa, Dövlət Netf Şirkətinin prezidenti Rövnəq
Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı
Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında ermənilərin
minnətdarlığını kimsə eşitdimi?”.
Politoloq bildirib ki, Azərbaycan ərazisindən
qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərini az da olsa güclənməsinə
xidmət edə bilər:
"Misal üçün Paşinyan Azərbaycan və gələcəkdə
Türkiyə ilə əməkdaşlığın iki qonşu dövlətlə qarşıdurmadan ermənilər üçün daha
faydalı ola biləcəyini xalqına izah edə bilər. Azərbaycanın Ermənistana tranzit
qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə
qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik.
Selcan
Sfera.az