Azərbaycan əhalisinin İKT-dən istifadə vəziyyəti son illərdə köklü DƏYİŞİB

Azərbaycan əhalisinin İKT-dən istifadə vəziyyəti son illərdə köklü DƏYİŞİB
Azərbaycan informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində son illərdə ciddi dəyişikliklərə nail olub. Ölkəmizdə İKT-nin əsas infrastruktur göstəriciləri xeyli yaxşılaşıb, əhaliyə, sahibkarlara və digər şəxslərə göstərilən xidmətlərdə ciddi keyfiyyət dəyişikliyi baş verib. 

Sfera.az bildirir ki, Azərbaycan 2021-ci ildə "Global Innovation Index 2021" hesabatında İKT-nin ikişafına görə dünyada 66,6 bəndlə 67-ci pillədə qərarlaşıb.
İndeks hesablanan zaman İKT-nin əlçatanlığı, istifadəsi, dövlətin təqdim etdiyi onlayn xidmətlər və əhalinin internet şəbəkəsində iştirakı kimi indikatorlar əsas götürülüb. Azərbaycan İKT-nin əlçatanlığına görə 68,6 bəndlə dünyada 64-cü, istifadəsinə görə 58 bəndlə 65-ci, dövlətin təqdim etdiyi onlayn xidmətlər görə 70,6 bəndlə 65-ci, əhalinin internet şəbəkəsində iştirakı görə isə 69 bəndlə 73-cüdür.

İKT göstəricisi, öz növbəsində, ümumi infrastruktur göstəricisinə aiddir və Azərbaycan bu göstərici üzrə (infrastruktur) 35,1 bəndlə 88-ci yerdədir, halbuki 2020-ci ildə 36,1 bəndlə 85-ci olub.

Ölkəmizdə İKT-nin ildən-ilə inkişafı digər mühüm indeksin də yaxşılaşmasına şərait yaradır. İnkişaf İndeks dünya ölkələrində İKT-nin inkişaf dinamikasını xarakterizə edən əsas göstərici hesab olunur və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hesablanan göstərici İKT üzrə əsas göstəricilərin birgə təmsil olunması və ümumiləşdirilməsi, onların müvafiq dövrlər üzrə müqayisəsi ilə xarakterizə olunur. 
 
Ötən ilin yekununda Azərbaycanda İKT-nin İnkişafı İndeksi 6,78 olub. Bu göstərici 2012-ci ildə 5,22, 2005-ci ildə 2,6 idi. 

İnternet istifadəçilərinin sayı artır

İKT-nin əsas infrastruktur göstəriciləri Azərbaycanda yaxşılaşır. 2020-ci ilin məlumatına əsasən, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 85-ə yüksəlib, 2006-cı ildə cəmi 10 nəfər internetdən istifadə edə bilirdi. Əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir. Onların sayı hər 100 nəfərdə 83 olub. 



İnternetdən istifadə edən insanların sayı artmaqla bərabər istifadə olunan internet kanallarının da həcmi artır. Ötən il əhalinin hər nəfərinə düşən beynəlxalq internet kanallarının həcmi 181 kbit/saniyə olub. 2006-cı ildə insanlar bundan 10 min dəfə aşağı sürətli internetdən istifadə edirdi. 

İnternet istifadəçilərinin sayının və internetdən istifadə həcminin artması onun qiymətinin düşməsinə şərait yaradıb. Ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif 2005-ci ildə 5 manat olduğu halda bu məbləğ hazırda 90 qəpikdir. 
İnternetdən istifadə tarifinin ucuzlaşması onun bir nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbətini də xeyli azaldıb. Belə ki, bu nisbət 2005-ci ildə 4,5 faiz olduğu halda ötən ilin sonunda 0,1 faizə qədər geriləyib. 

İKT iqtisadiyyatı böyüyür

İKT xidmətlərindən istifadənin genişlənməsi və İKT avadanlıqlara tələbin güclənməsi İKT iqtisadiyyatının da inkişafına təkan verir. Bunu İKT sektoru üzrə məhsul (xidmətlər) buraxılışına dair göstəricilər də təsdiqləyir. Ötən il iqtisadiyyatın əksər sahələrində böhran yaşansa da, kənd təsərrüfatı və İKT sahəsində böyümə qeydə alındı. İKT sahəsində istehsal artaraq 2,315 milyard manata çatıb. İstehsalın həcmi bir il əvvəl 2,083 milyard manat idi. İKT sektorunda məhsul istehsalı son 10 ildə 2 dəfədən də çox artıb. Artım sürətinə görə İKT sektoru ilə yalnız turizm sahəsi yarışa bilib. 
 

İKT sahəsində məhsul istehsalının əsas hissəsini xidmətlərin göstərilməsi təşkil edir. Ümumi istehsalın 40,6 faizini (940,5 milyon manat) mobil telefon rabitəsi xidmətlərinin göstərilməsindən ibarət olub. Stasionar telefon rabitəsi xidmətinin dəyəri 210,6 milyon manat, internet rabitəsi xidmətinin dəyəri 200 milyon manat, peyk rabitəsi xidmətinin göstərilməsi 72 milyon manat, proqram təminatının işlənməsi 128 milyon manat, digər telekommunikasiya fəaliyyəti isə 265 milyon manat təşkil edib. 

Azərbaycan əhalisinin İKT üzrə xərclərinin əsas hissəsini internet şəbəkəsinə qoşulma xərcləri təşkil edir. Əhali ötən il bu məqsədlə cəmi İKT xərclərinin 34,5 faizini ayırıb. İKT üzrə ikinci ən böyük xərc istiqaməti telefon avadanlıqlarının alınması və təmiri xərcləridir. Bu məqsədlə cəmi İKT xərclərinin 23 faizi ayrılıb. Telefon rabitəsi xərcləri isə İKT xərclərinin 19,7 faizini təşkil etməklə üçüncü ən böyük paya sahibdir. Sadalananlardan başqa İKT üzrə xərclərin 4,6 faizi kabel TV xidmətlərindən istifadə, 2,2 faizi kompüter, noutbuk, planşet və başqa İKT avadanlıqlarının alınması, 1,2 faizi IPTV xidmətlərindən istifadə xərclərindən ibarət olub. Xərclərin 13,8 faizi isə digər istiqamətlər üzrə ayrılıb.

Əhalinin İKT-dən istifadə vəziyyəti köklü dəyişib

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı günümüz həyatında da köklü dəyişiliklər yaradıb. İnsanlarda bu məhsullara gündəlik tələb xeyli yüksəldiyindən İKT sistemləri ilə təchizat yaxşılaşıb. Bunu 2005 və 2020-ci illərin göstəricilərinin müqayisəsindən daha aydın görmək olur. 2005-ci ildə ailələrin 98,9 faizində televizor olduğu halda hazırda hamısında televizor mövcuddur. Eynilə kompüterlə təmin olunma səviyyəsi 7,3 faizdən 70 faizə, evdə internetə çıxışı olanların bütün əhaliyə nisbəti 16,6 faizdən 85 faizə yüksəlib. 2005-ci ildə əhalinin 53 faizi hər gün internetdən istifadə edirdisə, hazırda bu göstərici 85 faizə çatıb. 

Rəsmi məlumatlar göstərir ki, Azərbaycanda 1,63 milyon ədəd kompüter var. Son 15 ildə kompüterlərin sayı 12 dəfə artıb. Kompüterlərin 722 mini portativ (noutbuk, netbuk), 517 mini stolüstü, 390 mini planşet və ya digər oxşar  avadanlıqlardan ibarətdir. İndi ölkəmizdə hər 100 nəfərə 16 kompüter düşür. 

İKT-nin inkişafı üçün başqa hansı tədbirlər görülməlidir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, ölkəmizdə İKT-nin inkişafı istiqamətində növbəti mühüm mərhələ rəqəmsal transformasiyadır. O xatırlatdı ki, rəqəmsal transformasiya haqqında konseptual sənədin hazırlanması üçün dövlət başçısının müvafiq göstərişi var. 
O.Gündüz söylədi ki, İKT sahəsində gözlənilən digər bir mühüm yenilik innovasiyaların inkişafı ilə bağlı strategiyadır: 
 


"Bir neçə il öncə bu sənədlə bağlı ölkə prezidentinin sərəncamı olub. Məndə olan məlumata əsasən, strategiyanın hazırlanması başa çatmaq üzrədir. Amma orda hansı məqamların olması, prinsip və prioritetlər haqqında, nəzərdə tutulan tədbirlərlə bağlı cəmiyyətdə müəyyən suallar var. Bununla bağlı geniş açıqlamanın verilməsinə ehtiyac var”.

Forumun rəhbəri qeyd etdi ki, İKT-nin inkişafı ilə bağlı digər mühüm sənəd informasiya təhlükəsizliyi və kiber təhlükəsizliklə bağlı konsepsiyanın hazırlanması olacaq. Onun fikrincə, sadalanan 3 sənəd informasiya cəmiyyətinin bundan sonrakı inkişafı üçün əhəmiyyətlidir və buna görə də həmin sənədlər tez hazırlanmalıdır. O.Gündüz dedi ki, sənədlərin qəbulundan sonra İKT ilə bağlı bütün qanunlar, sərəncam və fərmanlar, qərarlar bu əsas sənədlərə istinad edəcək.

Vasif
Sfera.az

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi



OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...