Azərbaycan, əhalisi ən az balıq istehlak edən ölkələrdən biridir - İldə 7,3 kiloqram...

Azərbaycan, əhalisi ən az balıq istehlak edən ölkələrdən biridir - İldə 7,3 kiloqram...
Azərbaycan, əhalisi dünyada ən az balıq və balıq məhsulu istehlak edən ölkələrdən biridir. Rəsmi məlumatlatlara əsasən, ötən il ölkəmizdə adambaşına düşən balıq istehlakı 7,3 kq olub. 2010-cu ildə bu göstərici 6,9 kq idi. Son 10 ildə adambaşına istehlakın artmasına baxmayaraq, Azərbaycan əhalisi yetəri qədər balıq istehlak etməyən ölkələrdən hesab olunur. 

Sfera.az bildirir ki, dünyada adambaşına illik balıq istehlakı orta hesabla 15 kiloqram ətrafında dəyişir. Ölkəmizdə istehlak səviyyəsi dünya ortalamasından 2 dəfə aşağıdır.

Dünyada ən çox balığı Maldivlər istehlak edir. Adalardan ibarət olan ölkədə ildə adambaşına 130-140 kq balıq və balıq məhsulu yeyilir. Yaponiya, İslandiya və Norveç əhalisi də çox balıq istehlak edən ölkələrdən hesab edilir. Bu ölkələrdə adambaşına istehlak 60-80 kq-dır. Avropa əhalisi bir ildə adambaşına təxminən 25 kq, ABŞ-da 26 kq balıq istehlak edir. Türkiyədə isə istehlak 7-8 kq-dır. 

Azərbaycanda balıq və balıq məhsulları istehlakının az olmasının əsas səbəbi yerli istehsalın daxili tələbi ödəyə bilməməsi və qiymətlərin yüksək olmasıdır.  
2020-ci ilə aid olan məlumatlara əsasən, balıq və balıq məhsullarına olan tələbin 20 faizi idxal hesabına ödənilib. Ötən il balıq və balıq məhsullarına olan illik tələbimiz 75 min ton olub. Bunun 61,2 min tonu yerli istehsal, 14,5 min tonu idxal hesabına təmin edilib. 

Ölkəmiz ərzaq məhsulu kimi 73,2 min ton balıq və balıq məhsulu istifadə edib. Daha 1374 ton məhsul isə qeyri-ərzaq məhsullarının istehsalına yönəldilib. 
Balıq və balıq məhsullarının istehsalı 2016-cı ilə qədər nəzərəçarpacaq dərəcədə artsa da, sonrakı illərdə istehsal səviyyəsi sabit olub. On il əvvələ nisbətən istehsal 18 min ton artaraq 63 min tona çatıb.

Balıq istehsalının artması ilə paralel olaraq istehlak da artdığından idxal məhsullarına tələb hələ də böyükdür. Buna görə də daxili bazarda qiymətlər yüksəlir. Qiymətlərin yüksək olması balıq istehlakına mənfi təsir edir. 
Ötən il Azərbaycan əhalisi balığa 482,35 milyon manat xərcləyib. Beş il ərzində balığa çəkilən xərc 108 milyon manat və ya 29 faiz artıb. Artımda əsas rolu bahalaşma oynayıb. Balıq məhsullarına 47 milyon manat xərclənib. Bu məhsullara çəkilən xərc isə təxminən 2 dəfə artıb. 

Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR