Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır
 Millət vəkili Pərvin Kərimzadə: "Dövlətimizin prioritet məsələsi vətəndaşın sağlamlığıdır" 
 
"Müasir dünyamızın qlobal probleminə çevrilən koronavirus infeksiyası həyatımıza yeni şərtlər, qaydalar gətirdi. Öz acı fəsadları ilə bəşəriyyəti təhdid edən koronavirus (COVID-19) təhlükəsi dünyanın bir parçası olan Azərbaycandan da yan keçmədi".

Bunu "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirib.
 
Xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul
 
Millət vəkili qeyd edib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoydu, bütün diqqəti bu sahəyə yönəltdi. Onun sözlərinə görə, əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər haqqında Fərman imzalanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, zəruri tibbi avadanlıqlar alınıb, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrılıb, karantin zonaları yaradılıb: "Ölkə başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu. Yeni növ koronavirus (COVİD-1) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrildi. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu. Ən əsası isə Azərbaycan xalqının milli həmrəyliyi bu təhlükəli infeksiyaya qarşı mübarizədə bir daha nümayiş etdirildi".
 
"Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer alır"

Deputat P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan daha üç modul tipli xəstəxananın açılışı ölkəmizdə koronavirusa qarşı mübarizənin nə qədər səmərəli olduğunu göstərir: "Ölkə Prezidenti xəstəxananın açılışında həkim kollektivi ilə görüşü zamanı çıxışında dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha vurğuladı: "Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik". Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən bütün tədbirlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti altında olması Azərbaycanı öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer almasına səbəb olub".

OXŞAR XƏBƏRLƏR