Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyasının ilk buraxılışı oldu

Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyasının ilk  buraxılışı oldu
 
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının ilk
buraxılışı olub. Bu münasibətlə Bakı Konqres Mərkəzində "Məzun günü”
mərasimi keçirilib və məzunlara müvəffəqiyyət sertifikatları təqdim olunub.
Akademiyanın sosial layihə kimi təşkil etdiyi ilk intensiv proqramlaşdırma
kurslarında ümumən 90 tələbə ödənişsiz təhsil alaraq uğurla məzun olub.
Onlardan 46 nəfəri IBA Tech Akademiyasını Frontend, 44 nəfəri isə Backend
ixtisası üzrə bitirib.
Mərasimdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin
sədri Abbas İbrahimov bankın ölkəmizin biznes mühitində bir ilk olan bu sosial
layihəsinin böyük ictimai rəğbətlə qarşılandığını bildirib: " Bu, onu göstərir ki,
ölkəmizin bu günü və gələcəyi üçün faydalı bir işə başlaya bilmişik.
Bundan böyük qürur duyuruq. Başlanğıc bizim üçün çox uğurlu oldu. IBA
Tech Akademiyası ilk çağırışından bu qədər istedadlı gəncimizi bir araya
gətirdi. Gələn ildən yeni proqramlarımızla öz missiyamıza davam
edəcəyik. Məqsədimiz Azərbaycanın əmək bazarında informasiya
texnologiyaları mütəxəssislərinə olan ehtiyacların qarşılanmasına kömək
göstərmək, ölkəmizin innovativ inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, layihənin icrasında Azərbaycan Beynəlxalq Bankına İsrail-
Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri
beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında
aparırlar. IBA Tech Akademiyasının yeni qəbul proqramları barədə ictimaiyyətə
ətraflı məlumat veriləcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR