Azərbaycan Beynəlxalq Bankı səhiyyə sisteminin nağdsız ödənişlərə keçidinə dəstək verir

Azərbaycan Beynəlxalq Bankı səhiyyə sisteminin nağdsız ödənişlərə keçidinə dəstək verir
 
Bir çox irimiqyaslı sosial layihələrdə uğurla iştirak etmiş Azərbaycan Beynəlxalq Bankı bu
ildən ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta layihəsinin icrasına da yaxından dəstək verir.
Belə ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız
qaydada həyata keçirmək məqsədilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi ilə birgə bank kartları buraxıb. Bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək
maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi
ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür. Hər hansısa bank kartına sahib olmayan
şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və
şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər.
"Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbinə uyğun olaraq publik hüquqi şəxs
statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün Azərbaycan Beynəlxalq Bankı
müvafiq layihə çərçivəsində onları lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edib.
Vətəndaşlar tibb müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait
yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin Azərbaycan Beynəlxalq Bankının
filial və şöbələrində, "Cash in” tipli bankomatlarında, E-manat və Azericard ödəmə terminalları və
"Card to card” vasitəsilə də bu karta vəsait mədaxil etmək mümkündür. Yaxın gələcəkdə bir sıra
aptek şəbəkələri də bu sistemə qoşulacaq. Bank kartı əhaliyə tibb sahəsində digər xüsusi
imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın
səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm yenilik olduğunu qeyd edib:
"Bank kartı tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan yaradacaq.
Nağdsız hesablaşmaların aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq
və hesabatlılığı təmin edəcək”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: "Bu bank kartları
icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə töhfə verəcək. Səhiyyə infrastrukturu ilə əlaqəli digər
sahələr də bu kartlarla ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən
geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla ödəniş zamanı kəşbək
faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə xərclərinə müəyyən qənaət etmiş olacaqlar.
Bütün bunlar ölkəmizdə nağdsız ödəniş tendensiyasını genişləndirəcək”.
Müasir dövlət bankı olan Beynəlxalq Bankın məhsul və xidmətləri barədə məlumatları bankın
37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR