Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi
16:30 / 20.11.2019
1991
Azərbaycan Beynəlxalq Bankının müştərisi olan bir qrup kiçik və orta
sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib. İşgüzar şam süfrəsi
formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı bölgələrdən 30-a
yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx kommunikasiya mühiti
yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank
təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta
sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün
müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini
qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib.
Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5
ballıq sistemlə qiymətləndiriblər.
Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş
departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da
davam etdiriləcəyini bildirib: "Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx
çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir.
Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi
daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim
edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.