Azarkeşlər futbolçuları döydü: Məğlubiyyətə görə

Azarkeşlər  futbolçuları döydü: Məğlubiyyətə görə
Superliqada qalmaq uğrunda mübarizə aparan "Göztəpə"nin Türkiyə çempionatının XXVII turunda "Akhisar"a məğlubiyyəti (0:1) böyük narazılığa səbəb olub. Komandanın öz meydanında əsas rəqiblərindən birinə yenilgisini azarkeşlər həzm edə bilməyib.

Qarşılaşmadan sonra stadionun həndəvərində gözləyən fanatlar futbolçularla dava-dalaşa girişiblər. Komandanı fitə basan azarkeşlər oyunçuların qarşısını kəsib. Başda Halil Akbunar olmaqla, "Göztəpə"nin bir neçə futbolçusu avtomobildən düşərək, azarkeşlərlə əlbəyaxa olub.

Sonradan avtobusdan enən baş məşqçi Tamer Tuna və klub rəsmiləri onları ayırmağa çalışıb. Yalnız polisin müdaxiləsindən sonra azarkeşləri ərazidən uzaqlaşdırmaq mümkün olub. Yenidən stadiona qayıdan komandanın avtobusu yalnız təhlükəsizlik təmin edildikdən sonra polis avtomobillərinin müşayiəti ilə oranı tərk edib.

Qeyd edək ki, hazırda "Göztəpə" 27 xalla 16-cı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR