\"Avtomobillərin müsadirəsi doğru deyil...\" - Ekspertlərdən \"Pikap\" ovu haqda açıqlama
Artıq bir neçə gündür ki, yol polisləri hərəkətdə olan "Pikap” modelli avtomobilləri saxlayaraq müvəqqəti olaraq cərimə dayanacaqlarına aparırlar. Buna səbəb kimi isə cəbhədə baş verən son hadisələr göstərilir.
Maraqlıdır, vətəndaşlara məxsus avtomobillərin bu şəkildə müsadirə olunması qanunauyğundur?
Məsələ ilə bağlı Sfera.az-a danışan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu səfərbərlik elan olunmadığı təqdirdə dövlətin ancaq müəyyən müəssisələrdə müsadirə həyata keçirə biləcəyini bildirib:
"Biz məsələni dəqiqləşdirməyə çalışdıq və bildirdilər ki, "Pikap” avtomobilləri vətəndaşlardan yox, müəssisələrdən götürülür. Bu da qanunidir. Əgər müharibə və səfərbərlik üçün istifadə olunacaqsa dövlət bu maşınları müsadirə edə bilər.
"Hər şey müharibə üçün, vətən üçün”dürsə, o zaman avtomobillərimizi də dövlətə təqdim etməliyik. Lakin ölkədə rəsmi şəkildə səfərbərlik elan edilmirsə, onda polis tərəfindən avtomobillərin müsadirəsi doğru deyil. Belə olan halda dövlət yanlız öz ixtiyarında olan avtomobillərdən istifadə edə bilər, vətəndaşların malını mənimsəmək olmaz”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də səfərbərlik elan olunduğu təqdirdə polislərin bu cür addım atmasının qanunauyğun olduğunu qeyd edib:
""Səfərbərlik haqqında qanun”a görə polis tərəfindən avtomobillər əhalidən götürülə bilər, yəni bu qanunauyğundur. Amma səfərbərlik elan olunmazsa, müharibə elan edilməzsə belə halların reallaşması doğru deyil”.
Əzizə
Sfera.az