“Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq” - EKSPERT

“Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq” - EKSPERT
 

"Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq, hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir".

Zaman-zaman özəl daşıyıcı şirkətlərə məxsus marşrut xətləri ilə bağlı müxtəlif problemlərin yaşanmasının şahidi oluruq. Sürücü ilə sərnişin, dispetçerlə sürücü arasında mövcud olan narazılıqlar bəzi hallarda əlbəyaxa dava ilə nəticələnir. Sonuncu belə hallardan biri də 142 saylı marşrut avtobusunun sürücüsünün dispetçeri bıçaqlaması olub.
Hadisə barədə fins.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bu kimi halların kökündə dayanan əsas problemin intizamsızlıq olduğunu söyləyib. O, bir sıra daşıyıcı şirkətlərdə mövcud olan özbaşınalıq hallarından danışıb:
"Hər kəsə məlum olduğu kimi Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində ictimai nəqliyyatda səliqə-səhman yaradıb, sürücü-dispetçer, həmçinin sürücü-sərnişin münasibətləri yaxşılaşdırılıb. Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir. Bu səbəbdən də müxtəlif xoşagəlməz hadisələr baş verir. Belə hadisələrdən sonuncusu da sürücünün dispetçeri bıçaqlaması oldu. Düşünürəm ki, bu, ilk növbədə məsuliyyətsizlik və intizamsızlıq ucbatından baş verib. Görünür, daşıyıcı şirkət rəhbərliyi tərəfindən ciddi nəzarət yoxdur, işçi-rəhbər, eləcə də işçilərin öz aralarındakı münasibət heç kim tərəfindən tənzimlənmir. Təbii olaraq belə daşıyıcı şirkətlərdə özbaşınalıq və hərc-mərclik mövcuddur. Hətta bəzi xətlər üzrə fəaliyyət göstərən daşıyıcı şirkətlərdə çalışan sürücülər sərxoş halda avtobus idarə edir. Bəzi hallarda isə həmin sürücülərin müvafiq sürücülük kateqoriyası belə olmur. Gedib araşdırma aparsaq, görərik ki, sürücü şirkətdə ştata alınmayıb”.

Ekspert daşıyıcı şirkətlərin istismar müddətini başa vurmuş avtobuslardan istifadəsinin insanların həyatını təhlükəyə atdığını deyib:

"Belə nəqliyyat vasitələri ekologiyaya böyük zərər vurur. Habelə bu cür avtobuslarda təhlükəsizlik səviyyəsi də olduqca aşağıdır. Nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücü hər hansı manevr etmək istədikdə qəza törədir və nəticədə sərnişinlər ağır xəsarət alır, hətta ölüm hadisələri baş verir. Daşıyıcı şirkətlərin xəttə buraxdığı avtobuslarda ən çox müşahidə olunan problemlərdən biri də oturacaqların yararsız və natəmiz vəziyyətdə olması ilə bağlıdır. Həmin marşrut sahibləri qanunsuz olaraq avtobusda olan oturacaqları çıxarırlar ki, daha çox sərnişin götürə bilsinlər. Bu da təhlükəsizlik baxımından olduqca mənfi bir haldır. Qış aylarında, yağışlı günlərdə yararsız avtobuslarla sərnişindaşıma olduqca risklidir, hər an qəza baş verə bilər”.

E.Cəfərovun sözlərinə görə, BNA özbaşınalıq olan şirkətlərin marşrut xəttini hərraca çıxarırsa, dövlət qurumu olaraq məsuliyyət daşıyır və nəzarəti gücləndirir:

"Qurum bu vaxta işini məqbul hesab etmədiyi bir neçə marşrut xəttini müsabiqəyə çıxararaq qayda-qanun yarada bilib. Agentlik həqiqətən də ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılmasına xüsusi həssaslıqla yanaşır. Düşünürəm ki, 142 saylı marşrut xəttinin hərraca qoyulması da yalnız vətəndaşların xeyrinə olacaq”.



OXŞAR XƏBƏRLƏR