“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”

“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”
 Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Könül Nurullayevanın "Eurasia Diary” portalında Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və Aİ-nin ölkəmizin ərazi bütövlüyü məsələsinə yanaşması ilə bağlı məqaləsi dərc edilib.

Sfera.az xəbər verir ki, "Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?” adlı məqalədə bildirilir ki, son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşmaya istiqamətlənmə müşahidə olunur. Təkcə bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 əsas sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə edilir. Eyni zamanda, Aİ-nin xüsusilə Azərbaycana münasibətdə "ərazi bütövlüyü” anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər, yəni, Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur. Bu da nəticə etibarilə həmin sənədlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Belə ki, Aİ Xarici İşlər Nazirləri Şurasının bu il mayın 11-də qəbul etdiyi "Şərq Tərəfdaşlığının gələcəyi ilə yekunlar” sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Təsadüfi deyil ki, məhz bu sənədin qəbulundan sonra təşvişə düşən erməni analitiklərin dolaşıq və təzadlı təhlillərində guya Qərbin razılığı ilə Azərbaycanın hərbi əməliyyatlara başlayacağına dair müharibə anonsları yer almağa başladı. Ardınca, mayın 28-də BMT Təhlükəsizlik Şurasının BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda videokonfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementləri kimi qalacağını bəyan etdi.

Məqalədə bu il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovkonun imzası ilə hazırlanan birgə bəyanatın əhəmiyyəti xüsusilə vurğulanır. Bəyanatda Ermənistanla işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yolla bağlı rəsmi Yerevana xəbərdarlıq edilir. Ermənistan Paşinyanın separatçı yol "strategiyası”nın əleyhinə olan və soyuq duş effekti yaradan bu sənədin təsirindən çıxmadan, 10 gün sonra Avropa Parlamenti daha konkret və prinsipial sənəd qəbul etdi. İyunun 19-da qəbul edilən – "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə ali nümayəndəsinə tövsiyə” adlı qətnaməsində isə "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələbləri”nə istinad edilir. Sonuncu sənəddə Avropa İttifaqının sırf ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks etdirən bir sıra ciddi bəndlər yer alıb - ilk növbədə, erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər "işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub. Xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasına dair çağırış edilir. Bu çağırış ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi Şərq Tərəfdaşlığının iştirakçılarına aiddir.

Ən vacib məqam - sənəddə məhz xarici təcavüz nəticəsində baş verən münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulduğu xatırladılır. Yəni, əsas diqqət Ermənistanın təcavüz və işğal siyasətinin qurbanı olan Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına yetirilir. Bununla da erməni tərəfinin paranoid xarakterli iddiası - "Dağlıq Qarabağ xalqı”nın(?) öz müqəddəratını təyinetmə prinsipi ətrafında manipulyasiyası üçün nəfəs yeri qalmır. Qətnamənin daha bir bəndində isə qeyd olunur ki, əgər könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güc yolu ilə təmin etmək hüququ var. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə hüququna verilən dəstəkdir.

Müəllif qeyd edir ki, Avropa İttifaqı bu vaxta qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məsuliyyətdən yaxasını kənara çəkmək, bütün məsuliyyəti ATƏT-in Minsk üçlüyünün "üzərinə yıxmaqla” seçilib. Həm də yalnız bununla yox, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, Cənubi Qafqaz regionundakı oxşar münaqişələrə daha obyektiv münasibət sərgiləməklə. Yəni, Aİ-nin münaqişələrə selektiv yanaşması tez-tez rəsmi Bakını məyus edib. Halbuki Azərbaycan Avropa İttifaqına münasibətdə hər zaman etibarlı tərəfdaş qismində çıxış edib. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir, eyni zamanda, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının milli təhlükəsizliyə bərabər sayılan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Elə hazırda Aİ Şurasına sədrlik edən məhz bu strateji tərəfdaşlardan biri – Xorvatiyadır. Bu ölkənin Baş Naziri Andrey Plenkoviç öz çıxışlarının birində "Xorvatiya Avropa İttifaqına yaxınlaşmaq istəyən ölkələrin ambisiyalarına güclü dəstək verməklə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında münasibətlərin daha da inkişafını dəstəkləyir. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vacibdir, xüsusən bir sıra dondurulmuş münaqişələr kontekstində” söyləməklə Ermənistanın işğal siyasətinin Şərq Tərəfdaşlığı ilə ziddiyyət təşkil etdiyini vurğulamış oldu ki, bu da əslində, Avropa İttifaqının mövqeyi kimi qəbul olunur.

Xorvatiyanın Aİ Şurasının sədri kimi bu ədalətli və prinsipial mövqeyinə Bakı-Zaqreb strateji tərəfdaşlıq prizmasından baxdıqda tam aydın olur ki, dövlətlərarası münasibətlərdə strateji tərəfdaşlıq qarşılıqlı şəkildə milli maraqların adekvat və praqmatik təmin olunması ilə xarakterizə edilir. Strateji tərəfdaş həm də qlobal problemlərin həllində əsas rol oynayan aktor olmalıdır. Biz 25 illik tarixi olan Azərbaycan-Xorvatiya münasibətlərində bunun real nəticəsini görürük.

Deputat məqaləsinin sonunda vurğulayır ki, Avropa İttifaqının son vaxtlar milli suverenlik və ərazi bütövlüyü məsələsi ilə bağlı daha obyektiv mövqe nümayiş etdirməsi, strateji tərəfdaşların beynəlxalq müstəvidə ölkəmizə dəstəyi onu deməyə əsas verir ki, "orta güc” (middle power) kimi Azərbaycan mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda bütün diplomatik vasitələri öz perspektivinə çevirə bilir. Məhz Azərbaycan təcrübəsinə əsaslansaq - ağıllı xarici siyasət dövlətin strateji vəzifələrini və dünyadakı real vəziyyəti uzlaşdıraraq, mövcud olan bütün imkanlardan çevik və maksimum effektiv istifadə etmək bacarığıdır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...